“Azərbaycan vətəndaşlarına qarşı kütləvi deportasiya tətbiq olunmağa cəhd olunub” – MÜSAHİBƏ

Son aylar Almaniyandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı artıb. Kütləvi deportasiya ilə bağlı xəbərlər yayılmaqdadır. Buna ötən gün Düsseldorf şəhərində 15 azərbaycanlı ailənin Azərbaycana deportasiya edilməsinə cəhd və bir mühacirin etiraz əlaməti olaraq damarlarını doğrayaraq intihara cəhd etməsini də misal göstərmək olar.

AzEuroNews.com olaraq Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyevlə görüşüb son günlər baş verən olayları dəyərləndirməklə yanaşı, oxucularımızın elektron poçt ünvanımıza göndərdikləri bəzi sualları da ona ünvanladıq.

– Deportasiya ediləcəklərini və Avropada qalma şanslarının olmadığını bilə-bilə niyə mühacirət edirlər?

–  İnsanlar Avropada qalma şanlarının olub-olmadığını əvvəlcədən bilirlər. Lakin onlar istənilən halda bəxtlərini sınayırlar. Gələnlərin də əksəriyyəti onlara Avropada qalmaq üçün bir il, bəziləri iki, bəziləri üç il lazım olduğunu qeyd edir. Azərbaycanda iqtisadi vəziyyət olduqca ağır olduğuna görə, onlar Avropada müəyyən müddət qalmaqla Azərbaycandakı maliyyə problemlərini həll etməyə çalışırlar. Əksər vaxtlarda da həll edirlər. Belə olmasaydı insanlar təkrar gəlməzdilər. Ailə gəlirsə 500, 1000 avro civarında sosial yardım alır. “Tafel”dən (işsiz və qaçqınlar üçün pulsuz və ya simvolik qiymətə ərzaq paylayan qurumlara verilən ümumi ad- red) ərzağı alır və demək olar ki, aldığı pulu xərcləmir. Həttə bəzən “qara işlər”lə də məşğul olurlar və beləliklə, Azərbaycandakı maliyyə problemlərini həll etməyə nail olurlar. Gələnlərin çoxu belə adamlar olduğuna görə, təəssüf ki, çox vaxt siyasi səbəblərdən gələn, həqiqətən problemi olub qaçqın statusu üçün müraciət edənlərə də inanmırlar. Onlar iqtisadi miqrantlardır və qaqçqın statusu almağı bir vasitə kimi istifadə edirlər. Çünki qaçqın statusu üçün müraciət, daha sonralar məhkəmələrə müraciət, ondan daha yüksək instansiyaya müraciət, parlamentlərdəki komissiyalara müraciət  və s. insanların Avropada qalma şanlarını artırır, müddət uzanır. Bu müddətdə də onlar Azərbaycanda olan müəyyən problemlərini burdan aldıqları yardımlarla həll etməyə nail olurlar. Bəzilərinin də şansı gətirir ki, burda işləyə bilir və iş əsasında qala bilirlər. Belə adamların çoxu qısa zamanda öz maliyyə problemlərini düzəltməklə yanaşı Bakıda daşınmaz əmlaka da sahib olurlar.

– Almaniya niyə deportasiya qaydalarını bu qədər sərtləşdirib? Qərarı icra edən məmurların və polislərin gecə anidən gəlməsi, bəzilərinin ailə üzvlərinin xəbəri olmadan deportasiya edilməsi kimi faktlar var…

– 2016 və 2017-ci illə müqayisədə Almaniyadan deportasiya olunanların sayı xeyli azalıb. (STATİSTİKA-ya BAX) Bu da Almaniyanı çox narahat edir. Çünki gələnlərin sayında ciddi fərq olmasa da, deportasiya olunanların sayı dəfələrlə azalır. Ona görə Almaniya hökuməti “Duldunq”la bağlı qaydaları sərtləşdirir. Çünki bəzi hallarda isə, “Duldunq” tətbiq olunan insanların çoxu kimlik bilgiləri – adlarını, soyadlarını, hansı ölkədən gəldiyini düzgün demirlər. Bir insan ad və soyadını səhv veribsə Almaniya hökuməti onun kimlik bilgilərini əldə etmək üçün azı 1000 avro vəsait xərcləyir. Bu pulu xərləcəyəndən sonra isə, Almaniya hökuməti həmin adama heç cürə güzəşt etmir. Bu qaydalar həqiqi problemləri olan şəxslərə qarşı nadir hallarda sərtləşdirilə bilər. Həqiqi problərmi olan insnalar Azərbaycandan gəlir  və bir-iki ay ərzində yaşamaq icazəsi alırlar. Şübhəli şəxs və ya şübhəli fakt olduqda bur deportasiya qaydaları sərtləşdirilir. Bu insanlar Əcnəbilərlə iş üzrə Federal İdarə ilə əməkdaşlıqdan yayınırlar. Bildiyiniz kimi bu il qanun sərtləşdirildi və qeyd olundu ki, yerli əcnəbilərlə iş üzrə idarələrlə əməkdaşlıq edilməli, vəziyyətinizlə bağlı son məlumatlar onlarla verilməlidir. Deportasiya qaçqın statusu ilə təmin edilməyən, bunun üçün məhkəməyə müraciət edən və məhkəmədən rədd cavabı alan, könüllü qayıdışla bağlı təklifi geri çevirən şəxslərə şamil edilir. Yəni son həddə.. Onlara görə təyyarə biletləri ləğv edilir, uçuşlar təxirə salınır. Çünki gəlib onları evdən deportasiya etmək üçün hava limanına aparmaq istəsələr də buna nail ola bilmilər. Qaçıb gizlənirlər və ya ailə üzvlərindən biri və bir neçəsi bilərəkdən evdə tapılmır. Məmurlar da deportasiya qərarını bir nəfərə tətbiq edə bilmirlər və adamlar bir qədər də ölkədə qalırlar. Deportasiyada iştirak edən polislər üçün bunun üçün xüsusi kurslar da açılıb. Alman hökuməti qanunsuz yaşayan əcnəbilərin deportasiyadan yayınmasını heç cürə qəbul edə bilmir.

– Sığınacaq haqqı tanınmayan şəxs hansı mərhələyə kimi mübarizə aparmalıdır? Çünki bəzən sığınacaqla bağlı üst-üstə 5 dəfə rədd cavabı alan şəxslərin sonradan yaşamaq izni ilə təmin edildiyini eşidirik.

– Sığınacaq haqqı tanınmayan şəxslər birinci Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edirlər. Onlara rədd cavabı veriləndə məhkəməyə müraciət edirlər. Həmin məhkəməni də uduzanda yuxarı məhkəməyə, onu da uduzada parlamnetdə xüsusi komissiyaya müraciət edirlər. Yəni birinci dəfə rədd cavabı almaq son demək deyil. Parlametə qaçqın və miqratlarla bağlı fəaliyyət göstərən komissiya həqiqətən Almaniyaya inteqrasiya olmuş şəxslərin müraciətini qəbul edir və onlar haqqında müsbət qərar verir. Bu yaxınlarda bir həmvətənimizin belə bir müraciəti oldu və tezliklə ona yaşamaq icazəsi verildi. Yəni, rədd cavabı alanlar qəti ruhdan düşməməli, sona qədər mübarizə aparmalıdırlar. Eyni zamanda yeni sübutlar əsasında ikinci dəfə qaçqın statusu üçün müraciət etmək də olur.

– Deportasiya edilən şəxslər sonradan bunun travmasını çox ağır şəkildə çəkirlər. Həmin insanlara hansı yardımlar edilə bilər və ya elə bir proqram varmı ki, onlar bundan yararlansınlar?

– Təbii ki, deportasiya çox sərt bir cəzadır. Bəzən olur ki, 10-15 il yaşadıqdan sonra deportasiya olunurlar. Mənim tandığım şəxslər var ki, 16 yaşında burdan deportasiya ediliblər. Orta məktəbi çox əla oxuyub indi Azərbaycanda psixoloji problemlər yaşayırlar. Azərbaycan dilində heç nə başa düşmürlər. Almaniyakı dostlarını, əhatəsini itirməsi isə çox ciddi problemdir. Ona görə də, valideynlər köç qərarı verəndə mütləq uşaqların həyatını düşünməlidirlər. Uşaqlar dəfələrlə məktəblərin, yaşayış yerlərini, kollektivlərini dəyişirlər. Bu onların sarsıntı keçirmələri ilə nəticələnir. Deportasiya olunan şəxsləri Azərbaycanda qarşılayacaq, yerləşdirəcək, onlara psixoloji yardım edəcək bir təşkilatın olması vacibdir. Bir zamanlar biz Azərbaycan Miqrasiya Mərkəzi olaraq var idik. Azərbaycan hökumətinə məlumat verməsələr də, Norveç, Almaniya və başqa səfirliklər bizə müraciət edərək hansı tarixdə kimlərin deportasiya olunacağını deyirdilər ki, onları qarşılayaq, hüquqi yardım edək, qeydiyyata alınmalarına, şəxsiyyət vəsiqələri ilə təmin olunmalarına və işə düzəlmələri məsələsində dəstək olaq. İndi bilmirəm belə QHT-lər var ya yox amma, belə təşkilatlara çox ehtiyac var. Son illər Azərbaycan hökuməti qayıdanlara xoş gəlmisən demir. Bəzilərini sərhəddə saxlayırlar, bəzilərini bir-iki gün keçəndən sonra tuturlar. Müsavat patiyasının üzvü Azad Həsənovu da nümunə göstərmək olar. Bu yaxınlarda Almaniyadan gedən bir nəfəri üç həftə Dövlət Təhküləsizlik Xidmətində (DTX) saxlayıblar, Daxili İşlər Nazirliyinə və Baş Prokukorluğa aparıblar. Ondan Avropada olan siyasilər haqqında məlumat almağa çalışıblar. Bu proseslər təbii ki, həmin insanlara ağır travma yaşadır. Hesab edirəm ki, bundan sonra azərbaycanlıların Avropadan kütləvi deportasiyası olmayacaq. Kifayyət qədər fakt var ki, Avropadan gedənlərə qarşı Azərbaycan hökuməti olduqca sərt mövqe nümayiş etdirir.

– Almaniyanın qaçqınlar üçün hazırladığı könüllü qayıdış proqramları niyə effekt vermədi? Könüllü qayıdanlar ildən-ilə azalır…

– Almaniyada hazırlanan könüllü qayıdış proqramları həqiqətən effekt vermədi. Ancaq qonşu Niderland Krallığında hazırlanan könüllü qayıdış proqramı Almaniyadakından daha səmərəli və daha əlverişli idi. Qayıdanlara verilən maddi yardımlar da çox idi. Ona görə də, Almaniyada yaşayan Azərbaycan vətəndaşları könüllü qayıdış proqramlarına müraciət etmədilər. Çox vaxt həmvətənlərimiz bu proqramlara o zaman müraciət edirlər ki,  məhkəmə proseslərində uduzsunlar. Bəlkə də bunu bilərəkdən etmirlər. Könülü qayıdış proqramları o zaman effektiv olur ki, qayıdan şəxs məhkəmə prosesini uduzmasın. Məhkəməyə verdiyi ərizəsini geri götürsün və ya verdiyi müsahibənin qərarını gözləmədən gedib Azərbaycana qayıtmaq istədiyini söyləsin. Bu halda könüllü qayıtmaq istəyən şəxslərə daha yaxşı maliyyə dəstəyi verirlər. Çox vaxt Azərbaycanda da qarşılayırlar. Hətta Almaniyada olarkən normal iş planı təqdim edən olsa müəyyən qədər maddi yardım da ala bilərlər. Bəlkə də bu qayıdış proqramları başqa ölkələrdən olanlar üçün effektiv oldu amma, bunu Azərbaycan vətəndaşlar haqqında demək çətindir. Barmala sayıla biləcək qədər az həmvətənimiz bu proqramdan yararlandılar. Qayıtmaq istəyənlərin çoxu da daha çox pul almaq üçün Niderlanda gedib ordan qayıdırlar. Azərbaycanda iqtisadi vəziyyət günü-gündən ağırlaşır. Buna görə də könüllü qayıdış proqramları azərbaycanlılar üçün cəlbedici deyil. İndi Azərbaycandan çıxmaq da çətinləşib. İnsanlar isəyirlər ki, geri dönməsinlər. Geri dönənlərin əksəriyyəti yenidən viza almaq və Avropaya qayıtmaq şansına malik deyillər. Düseeldorfda baş verən hadisəyə gəlincə isə, çox təəsüf edirəm ki, Azərbaycan vətəndaşlarına qarşı növbəti dəfə kütləvi deportasiya tətbiq olunmağa cəhd olunub. Kütləvi deportasiya qanunla qadağandır. Kütləvi deportasiya insanları malik olduqları qaçqun stasusu üçün müraciət etmək hüququndan çəkindirmək cəhdidir. Bu çox üzücü xəbərdir, baş verənlərə çox təəssüf edirəm. Məlumata görə həmin gün daha çox ailə olub və buna görə bizdə sübutlar var, ailələr müraciət edib. Eyni zamanda bu cür halların Azərbaycan vətəndaşları üçün xəbərdaredici əhəmiyyətə malik olmaması məni üzür. Dəfərlərlə müraciət etmişik ki, saxta sübutlar, saxta sənədlər təqdim etməyin, adınızı, soyadınızı, ata adınızı dəqiq deyin. Çox təəssüf ki, deportasiya cəhdi olan şəxslərin arasında sadaladığım əlamətlərdə olan ailələr də olub. Görək Almaniya polisi və digər səlahiyyətli orqanların bununla bağlı məlumatı nədən ibarət olacaq. Bu da birinci hal deyil, insanlar Azərbaycana qayıtmamaq üçün özünü dəli kimi göstərir, intihara cəhd edir və s.