2022-ci ildə Almaniyada nə dəyişəcək? - VİDEO

  • Avropa
  • 28 Dek 00:33
  • 1683 Oxunma
img
+    -

1 yanvar 2022-ci il tarixindən etibarən Almaniyada bəzi yeniliklər və qaydalar qüvvəyə minir. Yeni ildə vətəndaşları sürücülük vəsiqəsinin yenilənməsi, işsizlik müavinəti kimi bir çox dəyişiklik və yeni qaydalar gözləyir. Xeber.de onlardan bəzilərini təqdim edir: 

2022-ci ilin yanvarından Almaniyada plastikdən istifadəni azaltmaq və ətraf mühiti qorumaq üçün yüngül plastik torbaların istifadəsi qadağan ediləcək. Qadağanın pozulması halında, mağaza və marketlərə qarşı inzibati tədbirlər görüləcək.

+++

Yeni ildə Almaniyada əhalinin siyahıya alınması aparılacaq. Əhalinin müntəzəm hesablanması böyük əhəmiyyət kəsb edir, çünki federal və  əyalət hökumətlərində bir çox qərarlar əhali və mənzil sayına əsasən verilir.

+++

2022-ci ilin yanvar ayından HARTZ IV kimi bilinən sosial yardım  ödənişində də artım olacaq. Bu müavinət tənha böyüklər üçün 3 avro artaraq 449 avroya, 14 yaş və yuxarı gənclər üçün isə  376 avroya yüksələcək. Yeni ildə evli cütlüklər 404 avro, öz ailəsi olmayan 25 yaşdan kiçik böyüklər isə 360 Avro alacaqlar. Uşaqlar üçün ödəniş 2 avro artacaq. Beş yaşına qədər olan uşaqlar əvvəlki 283 avro əvəzinə 285 avro, 13 yaşa qədər olan uşaqlar isə ayda 311 avro alacaqlar.

+++

31 Mart 2022-ci il tarixinədək işəgötürənlər maksimum 1500 avro limiti keçməmək şərti ilə işçilərinə vergisiz korona bonusları ödəməyə davam edəcəklər.

+++

Yeni ildə Alman sürücülük vəsiqəsi kredit kartı tipli sürücülük vəsiqəsi ilə əvəz edilməlidir. Dəyişiklik mərhələli şəkildə həyata keçiriləcək. 1953-1958 -ci illər arasında anadan olmuş və 1999-cu il yanvarın 1-dən əvvəl verilmiş sürücülük vəsiqəsi olan hər bir şəxs 19 yanvar 2022-ci il tarixinədək sürücülük vəsiqəsini yeniləməlidir. 1959-1964-cü il təvəllüdlü vətəndaşların sürücülük vəsiqəsini dəyişmək üçün təxminən bir il vaxtları olacaq. Köhnə sürücülük vəsiqəsi ilə polis tərəfindən saxlanılan sürücülər isə, cərimələnəcək.

+++

Almaniyada 18 yaşının içində olan hər bir gənc dövlətdən 20 min avroya qədər maliyyə dəstəyi ala biləcək. Məqsəd gəlir bərabərizliyinin aradan qaldırılması ilə yanaşı, gəncləri öz bacarıqlarını iş həyatında rahat bir şəkildə göstərə bilməsinə təşviq etməkdir. Ancaq bu 20 min avro gənclərə birdəfəlik ödənməyəcək. Əvvəlcə onlar bu məbləğ üçün təyinat göstərməlidirlər. Ev ehtiyacları, təhsil, yoxsa öz işini qurmaq... Bundan sonra onlar bu məbləği mərhələli şəkildə ala biləcəklər. Bu planın Almaniya hökumətinə illik 15 milyard avroya başa gələcəyi proqnozlaşdırılır.

+++

Yeni ildən qatarla uzaq məsafələrə daha baha qiymətə səyahət edəcəyik. Almaniya Dəmir Yolları – Deutsche Bahn uzaq mənzinli səfərlər üçün qatar biletlərinin qiymətini 1.9 % artıracaq. Super qənaətli və qənaətcil adlanan biletləri müvafiq olaraq 17,90 və 21,50 avroya almaq mümkün olacaq. Çevik qiymət və marşrut mövsümü bilet qiymətləri orta hesabla 2,9 % artacaq. “Bahncards” da 2,9 % bahalaşacaq.

+++

Qısamüddətli iş adlanan və sosial sığortadan azad edilən mini işlər üçün  520 avro qazanc həddi müəyyən olunacaq. Hazırda bu hədd 450 avrodur. Yəni, 520 avroya qədər maaşlı işdə çalışan biri vergidən tam azad olacaq. Bundan əlavə işəgötürənlər “Minijob”da çalışan işçilərinin fərdi vergi nömrələrini elektron qaydada “Minijob” Məlumat Mərkəzinə göndərməyə borclu olacaqlar.

+++

Almaniyada yeni ildə vergi ödəyicilərinə tətbiq edilən vergidən azad gəlir məbləğləri də artırılacaq. Yanvar ayından etibarən qüvvədə olacaq yeni qaydaya görə, subaylar 9 min 984 avroya qədər olan qazanclarına görə vergi verməyəcəklər. Evli insanlar üçün bu məbləğ 19 968 avroya qədər artacaq. Beləliklə, subaylar üçün vergisiz gəlirin məbləği 240 avro, evlilər üçün isə 480 avro artacaq.

+++

Avropada olduğu kimi, yanvarın 1-dən Almaniyada da yanacaq və təbii qaz bahalaşacaq. Ətraf mühitin çirklənməsinə səbəb olan karbon qazı (CO2) emissiyalarını azaltmaq üçün CO2-ə görə verginin artırılması yanacaq qiymətlərinin artmasına səbəb olacaq. Yeni ildən qüvvəyə minəcək yeni qaydaya görə, karbon qazının bir tonunun qiyməti 30 avro artacaq. Bu artım benzinin litrinin 1,5 sent bahalaşmasına səbəb olacaq. Təbii qazın qiyməti 1, dizelin qiyməti isə 9,5 sent artacaq.

+++

Yeni ildə təkcə yanacaq deyil, poçt haqlarının da artacağı gözlənilir. Bu ilin iyul ayında standart məktublar üçün göndərmə haqqını 70 sentdən 80 sentə, açıqca göndərmə haqqını isə 45 sentdən 60 sentə yüksəldən Almaniya Poçt İdarəsi yeni ildə poçt haqqını artıracağını açıqlayıb. Müvafiq olaraq, standart məktublar üçün göndərmə haqqı 85 sentə, açıqcalar 70 sentə, böyük zərflərin göndərmə haqqı isə 5 sentə qədər bahalaşacaq.

+++

İstehlakçılara telefonla zəng edən və icazəsiz məhsul satan şirkətlər cəzalandırılacaq. Gələn ilin mayından etibarən istehlakçıların icazəsi olmadan zəng edərək məhsul və ya xidmət satan şirkətlər cəzalandırılacaq. Şirkətlər telefonla reklam üçün istehlakçılardan aldıqları satış icazəsini qeyd etməli və bu qeydləri beş il müddətində saxlamağa məcbur olacaqlar.

Xeber.de

 

Oxşar yazılar