Pilot hamilə qadının deportasiya edilməsinə imkan vermədi – Almaniyada

Almaniyada pilotların deportasiyalara qarşı çıxması neçə aydır gündəmi zəbt edib. AzEuroNews.com xəbər verir ki, Düsseldorf hava limanında pilotlar deportasiya edilən insanları qəbul etmədiyi üçün 169 deport proseduru baş tutmayıb. Köln/Bonn hava limanında isə bu hal altı dəfə baş verib. 30 nəfər ciddi müqavimət göstərdiyinə görə, onları deport edilə bilməyiblər. 28 halda Düsseldorfda, iki dəfə isə Kölndə tibbi səbəblərlə görə deportasiya baş tutmayıb. (Bu barədə AzEuroNews.com “Leqat” inteqrasiya mərkəzinə istinadən məlumat vermişdi)

Belə hadisələrdən biri bu ilin yanvarında Frankfurt hava limanında qeydə alınıb. Belə ki, hamilə qadına görə pilot uçuşdan imtina edib. Nəticədə Əlcəzairdən olan ailə deportasiyadan xilas olub.

Tarek Ramdani (35) və xanımı Fatima Abidi (30) 2011-ci ildə Əlcəzairdən Almaniyaya gəliblər. Onlar 2014-cü ilə qədər Almaniyada qanunsuz şəkildə yaşayıblar. Həmin il sığınacaqla bağlı müraciət ediblər. Cütülüyün Almaniyada Maria və Mirel adlı qızları dünyaya gəlib. Hazırda onların iki və dörd yaşı var. 

Ailə Hessen şəhərində məskunlaşıb. Keçən il onlar Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) sığınacaq istəklərinin rədd edilməsi ilə bağlı qərar alıblar. Qərardan məhkəmələrə şikayət də ailənin köməyinə çatmayıb. Sonuncu məhkəmə qərarı ailənin məcbur Almaniyadan deportasiyası ilə bağlı olub. 

Yanvarın 18-i səhər saat 6-da ailənin yaşadığı evə gələn alman polisi onları Frankfurt hava limanına aparıb. 

Hadisə iə bağlı “Bild am Sonntag” qəzetinə danışan Fatima Abdininin sözlərinə görə, onların ailəsi radikal dindardır və həyat yoldaşı Tarek Ramdanini qəbul etmirlər.

“Mənim hamiləliyimin riskli dövrü ilə bağlı həkim arayışı da var. Ancaq bunu nəzərə almadılar. Biz Almaniyada qalıb işləmək istəyirik. Yoldaşım mexanik kimi, mən isə, qadın bərbəri kimi praktika keçəcəkdik. Bununla bağlı müqaviləmiz də var idi” deyə F.Abdini bildirib.

Onun sözlərinə görə, üçüncü uşağı martın 25-də doğulacaq. Hazırda ailə Hessen şəhərində 103 kvadrat metrlik bir evdə yaşayır. 

Hadisədən sonra ailənin 4 yaşlı qız övladı Mirelin əvəllər müəllimi olmuş Anna Radke də ailəni ziyarət edərək onlara kömək edəcəyini bildirib.