Almaniyada 13 minə yaxın əcnəbi həkim var - VİDEO

  • Avropa
  • 16 Dek 00:17
  • 368 Oxunma
img
+    -

Korona böhranı Almaniya klinikalarında tibb bacısı çatışmazlığının nə qədər dramatik olduğunu ortaya qoyub. Yeni rəqəmlər göstərir ki, səhiyyə sistemi son illərdə əsasən immiqrasiya sayəsində fəaliyyətini davam etdirir. Bu gün Almaniyada hər səkkizinci tibb bacısı və hər yeddinci həkim  xarici vətəndaşlığa malikdir. Onların xüsusilə, böyük bir hissəsi Şərqi Almaniyada işləyir və orada həkim çatışmazlığına qarşı kömək edir. 
Almaniya Federal Məşğulluq Agentliyi də ixtisaslı işçilərin açıq çatışmazlığı barədə həyəcan təbili çalır. Nəzərə alına bilən işsiz ixtisaslı işçilərdən üç dəfə çox vakansiya var. Ekspertlərin yeni proqnozlarına görə, 2030-cu ilə qədər təxminən 180 min əlavə tibb bacısına ehtiyac ola bilər. 
Bu ehtiyac immiqrasiyada da özünü göstərir: hazırda Almaniyada 200 mindən çox əcnəbi tibb bacısı işləyir. Bu, 2013-cü ildəkindən təxminən üç dəfə çoxdur. Onların payı hazırda təxminən 1,5 milyon işçinin 13,5 faizini təşkil edir. Onların əksəriyyəti Polşa, Bosniya-Herseqovina və ya Türkiyədən gəlir.
Son illər qeydiyyata alınan yeni tibb bacılarının sayı kəskin artıb. Bununla belə, korona pandemiyası zamanı əcnəbi tibb bacılarının işə götürülməsi çətinləşib. 
Səhiyyə sektorunda Almaniya iqtisadi və ya siyasi böhranlı ölkələrdən gələn miqrantlardan faydalanır. Mənşə ölkələrə görə ən böyük qrup hazırda Suriyadan olan həkimlərdir. Onların sayı təxminən 5 mindir. Sonrak sıralarda 4500 nəfərlə Rumıniya və 2700 nəfərlə Yunanıstan gəlir. Xarici həkimlər olmasaydı, Şərqi Almaniyada və Qərbin bəzi bölgələrində həkim çatışmazlığı uzun müddət dramatik olardı.
Şərqi Almaniyanın bir çox federal əyalətlərində əcnəbi həkimlərin nisbəti hazırda 15 faizdən çoxdur və beləliklə, Almaniyanın əksər qərb federal əyalətlərindən daha yüksəkdir. Bu, xüsusilə təəccüblüdür, çünki, şərqdə orta hesabla daha az əcnəbi yaşayır. 
Son illər Azərbaycandan Almaniyaya çalışmağa gələn həkim və tibb bacılarının sayında da artış qeyd alınıb. Rüşvət və korrupsiyalaşmış bir səhiyyə sistemində çalışmaq istəməyən həkimlərimiz üz tuturlar Almaniyaya.... Təbii ki, ilk vaxtlar onlar üçün heç də asan olmur. Bürokratik əngəllər bezdirici olsa da, hazırda Almaniyanın məşhur xəstəxana və klinikalarında xeyli azərbaycanlı həkim və tibbi personal çalışır. Bəziləri isə, artıq özünün klinikasını açaraq fəaliyyətə başlayıb. Qazanan onlar, itirən ölkəmiz olur. Həmişəki kimi... 

Mənbə © mediendienst-integration.de, xeber.de

Oxşar yazılar