Almaniyadan sığınacaq istəyənlərin sayı niyə azalıb? -STATİSTİKA

  • Avropa
  • 17 Dek 15:52
  • 248 Oxunma
img
+    -

Almaniyadan sığınacaq istəyənlərin sayı azalıb. 

Xeber.de Azərbaycanın “Report” informasiya agentliynə istinadən xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) agentliyin Avropa bürosuna məlumat daxil olub. Məlumatda deyilir ki, bu ilin noyabr ayında federal idarə 14 136 nəfərin sığınacaq müraciəti haqqında qərar qəbul edib. Baxılacaq müraciətlərin sayı isə 56 958-ə yüksəlib.

BAMF-in məlumatında qeyd olunur ki, 2019-cu ilin yanvar-noyabr ayları arasında 133 324 nəfər sığınacaq üçün müraciət edib. Bir əvvəlki ilin eyni dövrü (151 944 ilkin müraciət) ilə müqayisədə 12.3 % azalma deməkdir. Eyni dövrdə federal idarə 172 629 şəxsin müraciəti ilə bağlı qərar verib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 31 779 nəfərdən (-15.5 %) azdır.

2019-cu ilin noyabr ayında BAMF-a ümumilikdə 10263 sığınacaq müraciəti təqdim olunub. Bu o deməkdir ki, sığınacaq müraciətlərinin sayı ötən ilin eyni ayına nisbətən 15,3 % azalıb. Əvvəlki ayla müqayisədə də sığınacaq müraciətlərinin sayı 7,5 % azalıb.

3651 nəfər Cenevrə Qaçqın Konvensiyasına (bütün sığınacaq qərarlarının 25,8 %), 1574 nəfərə (11,1 %) köməkçi müdafiə və 463 nəfərə (3,3 %) deportasiya müdafiəsinə görə qaçqın statusu verilib.

3818 nəfərin (27 %) sığınacaq müraciəti rədd edilib. 4 630 nəfərin (32.8%) müraciətinə isə başqa ölkələrdə (Dublin proseduru) baxılıb.

Sığınacaq axtaranların sayının əvvəlki dövrlərə görə azalmasına gəlincə, BAMF-dən “Report”a bildirilib ki, bunun bir neçə səbəbi var. Onlardan biri Avropa Birliyi ölkələrinin Suriya qaçqınlarına görə Türkiyəyə maddi yardım etməsi, Suriyanın şimalında “Təhlükəsiz bölgə”nin yaradılmasına başlanılmasıdır. Eyni zamanda Almaniyanın öz sərhəddində yoxlamaları gücləndirməsi, qanunsuz miqrasiyanın qarşısını əhəmiyyətli dərəcədə azaldıb. Məsələn, bu ilin yanvarından avqust ayına kimi 26 409 qaçqın və miqrant qanunsuz olaraq Almaniyaya daxil olub. Bu rəqəm keçən il 42 487 olaraq qeydə alınıb.

Eyni zamanda, ötən illərlə müqayisədə 2019-cu ildə “Dublin anlaşması”nın tələbləri 60-70% yerinə yetirilib, sığınacaq axtaranlar viza aldıqları Şengen ölkələrinə qaytarılıblar.

Federal idarə hesab edir ki, Almaniya bir daha 2015-ci ildəki qaçqın axını ilə üzləşməyəcək. Eyni zamanda bu ilin avqust ayında “Almaniya Miqrasiya Qanunu”nda edilmiş dəyişiklik və “əməkçi miqrant” statusu ilə bağlı prosedurun nisbətən sadələşdirilməsi qaçqın axınını azaldacaq. Əvəzində Almaniyaya iş üçün gələnlərin sayı çoxalacaq, ölkə işçiyə olan təlabatını tam ödəyə biləcək.

BAMF hesab edir ki, müraciətlərin həcminin azalması proseslərin daha yaxşı idarə olunmasına, müraciətlərə daha keyfiyyətli baxılmasına şərait yaradacaq. Hazırda müraciətə baxılma müddəti orta hesabla 3 ay davam edir. Yalnız daha mürəkkəb prosedurlar daha uzun çəkir, buna görə bütün prosedurların ümumi işləmə müddəti orta hesabla altı ay davam edir.

Bu ilin noyabr ayında Almaniyadan sığınacaq istəyənlərin vətəndaşlıq mənsubiyyəti ilə müqayisəli statistikası aşağıdakı kimidir:

  Sentyabr 2019 Oktyabr 2019 Noyabr 2019
Qeydə alınmış ərizələr 10830 11100 10263
1. Suriya 2689 2696 2679
2. İraq 1042 1064 957
3. Türkiyə 1087 1077 778
4. Əfqanıstan 919 842 768
5. İran 765 864 664
6. Nigeriya 382 409 420
7. Gürcüstan 220 242 279
8. Eritreya 251 272 259
9. Moldova 142 181 255
10. Somali 293 264 246

 

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Oxşar yazılar