Almaniyanın bu əyalətində “Korona təcili yardım”ları dayandırıldı 

img
+    -

Almaniyada koronavirus pandemiyası səbəbi ilə qapadılan ictimai iaşə obyeklərinə yardım məqsədi ilə nəzərdə tutulan “Korona təcili yardım” layihəsi dayandırılıb. Xeber.de-nin məlumatına görə, ölkənin Şimali Reyn-Vestfaliya (NRW) əyalətində məlumatların saxta internet səhifələri vasitəsi ilə toplanmasının müəyyən olunması səbəbindən sözügedən əyalətin İqtisadiyyat Nazirliyi orta və kiçik sahibkarlara ödəniləcək maddi yardımları müvəqqəti olaraq dayandırıb. 

4 min insan zərər görüb

Şimali Reyn-Vestfaliya İqtisadiyyat Nazirliyinin verdiyi açıqlamaya görə, saxta veb saytının fəaliyyəti çərşənbə axşamı müəyyən edilib. Bundan sonra yardımın dayandırılması barədə qərar Federal Cinayət Polis İdarəsi (LKA) ilə razılaşdırılmış şəkildə qəbul edilib.

Şimali Reyn-Vestfaliya daxili işlər naziri Herbert Reul iqtisadi yardım üçün müraciət edən təxminən 4 min insanın bu hadisədən zərər çəkdiyini bildirib. 

"Bu fırıldaqçılıq yalnız ağır bir cinayət deyil, həm də mənəvi cinayətdir” - deyə H.Reul vurğulayıb. 

Polis internetdə axtarış nəticələrinə yerləşdirilmiş saxta veb sayt operatorlarının saxta müraciət formaları ilə məlumatları ələ keçirdiklərini və cinayət fəaliyyətlərində istifadə etdiklərini aşkar edib. Bundan sonra dövlət yerli hökumətlərə vəsait ödəməsini dayandırmaq əmrini verib. Önümüzdəki günlərdə araşdırma qrupu saxta tətbiqetmələri aşkarlamaq üçün işlərini davam etdirəcək.

NRW-nin iqtisadiyyat  naziri Andreas Pinkwartın sözlərinə görə, şübhəlilər "son dərəcə peşəkardırlar".  Nazir qeyd edib ki, onlar hesablar üzərindən əldə edilən vəsaiti “darknet”ə (internetdə girilməsi qadağan olunmuş təhlükəli yerlər) ötürüb, orada kripto pula çevirəcəklərmiş. 

Məlumat üçün bildirək ki, həm federal hökumət, həm də əyalətlər korona epidemiyasından təsirlənən şirkətlərə birbaşa pul yardımı vermək haqqında qərar qəbul edib. Beş işçisi olan şirkətlər 9 min, 10 işçisi olanlar 15 min, 50 işçisi olan isə, 25 min avroya qədər yardım almaq üçün müraciət edə bilər.

Son bir həftə ərzində yüz minlərlə müraciət NRW-də təsdiqlənib.

Nazirlikdən verilən məlumata görə, kiçik və orta sahibkarlar təcili yardım üçün müraciət edə bilərlər. Ancaq bunun üçün yalnız rəsmi veb saytdan istifadə etmək lazımdır: https: //soforthilfe-corona.nrw.de.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar