Almanlar qaçqınlar arasında fərq qoyur? - ViDEO

  • Avropa
  • 03 Apr 02:41
  • 156 Oxunma
img
+    -

Alman “ARD” televiziya kanalının aparıcı Frank Plasberg ötənlərdə belə bir sual verdi. Vətəndaşlar, söhbət almanlardan gedir, ukraynalı qaçqınları 2015-ci ildəki müsəlman qaçqınlardan daha çox sevir?
Cavab BƏLİ!
“İNSA” sorğu şirkəti bununla bağlı bir sorğu keçirib. Nəticələr olduqca maraqlıdır. Sorğuda  iştirak edənlərin 54 %-i bildirib ki, 2022-ci ildəki Ukrayna qaçqınları 2015-ci ildəki müsəlman ölkələrindən gələn qaçınlara nəzərən daha çox sevilirlər. 
25 % isə, belə düşünmür. 
Səbəblərinə gəlincə, sorğu iştirakçıları bunu müharibə, mədəni yaxınlıq, coğrafi mövqe, dini mənsubiyyət və onların mütləq geri-ölkələrinə qayıdacağı ilə əsaslandırıblar. 
Sorğu iştirakçılarının  57 %-i qaçqınlara bu cür fərqli münasibəti irqçiliklə əlaqələndiriblər. 29 %-i isə, belə düşünmədiklərini söyləyiblər. 
“İNSA”-nın bu sorğusunda maraqlı bir məqam da var. Belə ki, iştirakçıların 44%-i düşünür ki, 2015-ci ildə Suriya, İraq və s. ölkələrdən gələn qaçqınlardan sonra Almaniyada çox şey pisə doğru dəyişdi. 16 % isə, onların gəlişininin ölkədə müsbət dəyişikliyə səbəb olduğunu düşünür. 
Kənardan bəlkə də, qaçqınlara münasibətin fərqli olduğu görünə bilər, ancaq mənim fikrimcə bu, belə deyil. Əvvəla ona görə ki, 2015-ci ildə Avropa xüsusilə, Almaniya qaçqın axınına məruz qalanda, onları qəbul edib, yerləşdirməyə hazır deyildi. Məktəblərin idman zalları, otel və istirahət mərkəzlərinin stadionlarına çadırlar qurub, qaçqınların yerləşdirilməsi üçün demək olar ki, bütün ölkə səfərbər olmuşdu. Elə həmin ildən olan görüntülərə baxsanız, özünüz də görəcəksiniz ki, insanlar dəmiryol vağzalları, qatar platformalarında, əllərində “Almaniyaya xoş gəlmsiniz” yazılı plakatlarla gələn qaçqınları necə isti münasibətlə qarşılayırlar. 
Başqa ölkələrdən gələnlər aylarla, bəlkə də illərlə dil kursu gözləyərkən, Suriyadan gələnlər intensiv dil kurslarına yazılır, kamplarda çox saxlanılmır, bələdiyyə tərəfindən kirayə haqqı ödənilən evlərə yerləşdirilirdilər. 
Həmin dövr ilə indiki dövrü müqayisə edəndə, o vaxt Almaniyanın məhdud imkanı və təcrübəsizliyi ilə belə Suriyadan gələn qaçqınlara daha çox imkan tanıyırdı, nəinki indi, Ukraynadan gələn qaçqınlara... 
Martın 31-ə olan statistikaya görə, 294 504 Ukrayna vətəndaşı Almaniyaya gələrək, qaçqın kimi qeydiyyatdan keçib. Bu rəqəmin 400 min olacağı gözlənilir. 73 min nəfərin şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd olmadığından, onların rəsmi qeydiyyatı mümkün olmayıb. Ancaq onlar qaçqın kimi Almaniyaya qəbul ediliblər. Hər gün Polşadan keçməklə Almaniyaya gələn qaçqınların sayının 5-6 min arası olduğu təxmin edilir.  

Oxşar yazılar