Arif Qasımovu “Qara kassası” bitirib - FOTOLAR

img
+    -

Ötən gün Prezident İlham Əliyevin Nizami rayonunun icra başçısı Arif Qasımovu işdən çıxarması və onun həbs edilmədən kabinetini tərk etməsi geniş müzakirələrə səbəb olub. Çünki Azərbaycan ictimaiyyətinə yaxşı məlum idi ki, icra başçısı 5 illik fəaliyyəti dövründə rayonda kölgələnməyə bir ağac qoymayıb, harada boş ərazi, park varsa, dağıdıb, yerini ayrı-ayrı iş adamlarına satıb. Onun xüsusilə Qara Qarayev prospekti boyu yaşıllıqları məhv edərək orada ticarət obyektərinin tikintisinə icazə verməsi ölkə mətbuatında dəfələrlə işıqlandırılsa da, indiyə kimi A.Qasımovun bu əməllərinə hüquqi qiymət verilməyib. 

Xeber.de-yə Nizami rayon İcra Hakimiyyətindəki mənbədən daxil olan məlumatda isə, deyilir ki, icra başçısının həbs edilməməsinin səbəbi hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri Ramin Əhmədovdur. O, ötən bu 5 ildə icra başçısının “Qara kassası” kimi tanınıb. Rayonda obyekt tikintisinə, torpaq sahələrinin satılmasından tutmuş sahibkarlardan aylıq  haqqların yığılmasına kimi bütün qara işlərə R.Əhmədov rəhbərlik edir. 

Mənbəmizin sözlərinə görə, hətta son illər vəziyyət o həddə çatıb ki, Arif Qasımovun özü də R.Əhmədovun fəaliyyətindən narazı olub. Ona sahibkarlarla olan münasibətini bir qədər yumşaltmasını, eyni zamanda bir müddət rayonda gözə dəyən yerlərdə obyekt tikintisi üçün yerlərin satmasına ara verməsini xahiş edib. A.Qasımovun bu xahişi Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Ağstafa, İmişli, Biləsuvar və Neftçala rayon icra başçılarının həbsindən sonra tələbə çevrilib. Ancaq R.Əhmədov yenə də icra başçsını dinləməyib. O, sonuncu dəfə rayonunun M.X.Şərifli və Ş.Mirzəyev küçələrinin kəsişməsində yerləşən parkın bir hissəsini sataraq orada obyekt tikilməsinə icazə verib. Elə Arif Qasımovun da qələmi bundan sonra qırılıb. Çünki bu park "Heydər Əliyev Fondu"nun vitse prezidenti, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyin (İDEA) rəhbəri Leyla Əliyevanın şəxsi təşəbbüsü və dəstəyi ilə salınmışdı.  Ancaq Ramin Əhmədov bu parkı özəlləşdirib, parkın sakinlərin istirahət etməsi üçün nəzərdə tutulan ərazisini sataraq obyekt tikintisinə səbəb olub. Bu da əhalinin haqlı narazılığına səbəb olub. Sonuncu dəfə bu parkla bağlı dövlət televiziyası olan AZTV-də gedən reportajdan sonra da Prezident İlham Əliyevin sərəncamı ilə Nizami rayonunun icra başçısı Arif Qasımov tutduğu vəzifədən azad edilib. 

Mənbəmiz bildirib ki, hazırda Dövlət Təhlükəsizlik Xidməti (DTX) Respublika Baş Prokurorluğu ilə birgə Nizami rayon İcra Hakimiyyətində yoxlamalar aparır. Çünki Arif Qasımov Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevlə telefonla danışan zaman bildirib ki, rayondakı tikinti-söküntü işləri Ramin Əhmədovun himayəsi altında aparılıb: ”Bir sözlə keçmiş başçı yaxasını çəkib, durub kənarda. Bütün məsuliyyəti Ramin Əhmədovun üzərinə atıb. A. Qasımov yaxşı bilirdi ki, DTX və Baş Prokurorluq icra hakimiyyətində yoxlama aparsa, bütün bu qanunsuzluqların arxasından Ramin Əhmədov və onun müavinləri çıxacaq. Elə bu səbəbdən onu rahatlıqla “xərclədi”. İndi gözlənilir ki, yoxlamalardan sonra R.Əhmədovla bərabər icra hakimiyyətinin bir neçə vəzifəlisi həbs olunsun”.

Mövzu ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri Ramin Əhmədovla əlaqə saxlamaq cəhdlərimiz heç cürə alınmadı. Onu da dinləyib, fikirlərini dərc etməyə hazırıq. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar