ASALA və HAYDAT-ın hədəsi: Avropadakı azərbaycanlılar nə düşünür?

  • Avropa
  • 28 İyl 02:44
  • 497 Oxunma
img
+    -

Ötən gün Belçika Krallığının Antverpen şəhərində ermənilərin  ASALA və HAYDAT terror təşkilatlarının toplantısı keçirilib. Onlar toplantıda Avropada yaşayan sadə azərbaycanlılara, Azərbaycanla bağlı qurumlara, azərbaycanlı ictimai-siyasi xadimlərə, jurnalistlərə, aktivistlərə hücum qərarı veriblər. 
Xeber.de erməni terror təşkilatlarının hədələri ilə bağlı Avropada yaşayan tanınmış hüquşünas və jurnalistlərə müraciət edib, onların Ermənistanın cəbhədəki təxribatının Avropa, Amerika Birləşmiş Ştatları (ABŞ) və Rusiya kimi ölkələrə sıçraması, eyni zamanda həmvətənlərimizi gözləyən təhlükələr barədə fikirlərini öyrənib. 

Almaniyada yaşayan hüquşünas Əlövsət Əliyevə görə işğalçı  ermənilərin  həmvətənlərimizə  terror təşkilatları vasitəsi ilə hücumlar təşkil etmək istəməsi bir daha onların cinayətkar  niyyətlərini dünyaya göstərir: “Azərbaycana Tovuz rayonu istiqamətindən Ermənistan silahlı qüvvələrinin  hərbi təcavüzü  ölkə daxilində olduğu kimi, Vətəndən uzaqda yaşayan soydaşlarımızın milli birlik ideyası ətrafında birləşib, dövlətimizin yanında olduğunu bütün dünyaya göstərdi.
Brüssel və Los Ancelsdə baş verən vandalizmdən sonra həmvətənlərimizin  dünyanın müxtəlif ölkələrindəki diplomatik nümayəndəliklərimizin qarşısında toplaşmalarını alqışlayıram  və bu birlikdən son dərəcə qürurlandığımı bildirirəm. Baş verənlər Azərbaycan xalqının düşmənə qəzəbini, torpaqlarımızın azad olunması uğrunda mübarizə qətiyyətini göstərdi. Bir daha şahid olduq ki, torpaq məsələsində xalqımız heç bir zaman güzəştə getməyəcək. Müstəqilliyimizə,  bayrağımıza, hətta mövcudluğumuza nifrətlə baxan şovinist təfəkkürlü, işğalçı  ermənilərin  həmvətənlərimizə  terror təşkilatları vasitəsi ilə hücumlar təşkil etməsi və bu niyyətlərini açıq şəkildə yenidən bəyan etmələri, bir daha onların cinayətkar  niyyətlərini  dünyaya göstərdi”.

Ə.Əliyev hesab edir ki, baş verənlərə kompleks şəkildə  yanaşmağa nail olmalıyıq: “50 milyonluq Azərbaycan xalqının bütöv yumruq halında birləşməsinə nail olmalıyıq.
Soydaşlarımıza qarşı baş verən  bu cinayətlərin hər birinin qeydiyyata alınmasına, onları törədənlərin isə cinayətin baş verdiyi ölkədə cəzalanmasına nail olmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Ermənistan hakimiyyətinin Azərbaycan Respublikasının enerji layihələrinə təhlükə yaratmaq cəhdindən sonra, ilk dəfədir ki, beynəlxalq təşkilatlar və böyük dövlətlər zəif şəkildə də olsa Azərbaycanın mövqeyi dəstəkləyir və Ermənistanın işğalçılıq siyasətini pisləyirlər. Bundan maksimum faydalanmaq lazımdır. “Hər şeyi hakimiyyət edib” deyərək məsuliyyətdən yayınmaq, milləti, dövlətçiliyi, sadə vətəndaşlarımızı və soydaşlarımızı  zərbə altına qoymaq olmaz. Hakimiyyəti qəbul etməmək, ona müxalif olmaq olar. Ancaq imkan vermək olmaz ki, yaşanan olayları  ermənilər “Azərbaycanlılarla birgə yaşamaq mümkün deyil”, “Azərbaycanlılar ermənilərə qarşı Qafqazdan kənarda da nifrət hissi ilə yaşayırlar” kimi təbliğatı həyata keçirsinlər. Bütün bunlarla yanaşı hər kəs bilməlidir ki, Azərbaycanın ərazi bötövlüyü və işğal olunan ərazilərin azad olunması  hərb və diplomatiya meydanında həll olunaqcaq”.

 Erməni terror təşkilatları ASALA və HAYDAT-ın  Avropa azərbaycanlılarına hücum əmri vermələri haqqında məlumatının olduğunu deyən hüquqşünas Belçika Krallığında yaşayan soydaşlarımızın həmin ölkənin hüquq mühafizə orqanlarına  və Antverpen şəhərinin  hüquq mühafizə orqanlarına müraciət etmələrini, ASALA və HAYDAT terror təşkilatlarının toplantısı və gözlənilən təhlükə haqqında məlumat vermələrinin daha düzgün olacağını vurğulayıb : “Hüquq mühafizə orqanları  erməni terror təşkilatlarının  Avropada yaşayan sadə azərbaycanlılara, Azərbaycanla bağlı qurumlara, azərbaycanlı ictimai-siyasi xadimlərə, jurnalistlərə, aktivistlərə hücum qərarı vermələri haqqında məlumata sahib olmalıdırlar. Təbii ki, bu bəyanatlardan sui-istifadə halları da mümkündür  və  bu mənada hər kəs ehtiyyatlı olmalıdır.  
Sizin vasitənizlə soydaşlarımıza müraciət edərək onları  erməni təxribatlarına və provokasiyalarına  uymamağa, yaşadıqları ölkələrin qanunları çərçivəsində təşkilatlanmağa və bir-birilərinə dəstək verməyə, hiss etdikləri təhlükə haqqında dərhal hüquq mühafizə orqanlarına məlumat verməyə çağırıram”.

“Kanal 13” internet televiziyasının rəhbəri, jurnalist Anar Orucov deyir ki, ermənilərdən hər cür hərəkəti gözləyir : “Almaniyada Azərbaycan dövlət nömrə nişanlı avtombil idarə edirəm. Berlində olanda avtomobilimin şüşəsini sındırmışdılar. Bunun da ermənilər tərəfindən olduğunu düşünmüşdüm. Çünki avtomobilimdən heç bir şey aparmamışdılar”.
A. Orucov deyir ki, Avropadakı erməni diasporasının azərbaycanlılara qarşı təxribatlara əl atması gözləniləndir : “Ancaq qətiyyən qorxmuram. Çünki biz həm düşmənlərimizə, həm də hazırda Azərbaycanda olan avtoritar rejmə qarşı mübarizəni qorxmadan həyata keçirmişik. Həmvətənlərimizdə olan çox güclü vətənpərvərlik hissini alqışlayıram. Bu möhtəşəm bir duyğudur. Yaşadığım şəhərdə qalan bəzi azərbaycanlılar illərdir burada heç bir aksiyada iştirak etməmişdilər. Mən onları Düsseldorfda Ordumuza dəstək məqsədi ilə təşki olunan həmrəylik yürüşündə gördüm. Yürüşə qatıla bilməyənlərlə soradan görüşüb ermənilər qarşı bir qrup şəklində təşkilatlanmağımızı müzakirə etdik. Çünki Almaniyada ermənilərin kompakt şəkildə yaşadığı bəzi şəhərlərdə həmvətənlərimizə qarşı təxrbatların baş verəcəyi gözləniləndir. Düssledorf, Duisburq, Ratingen, Boxum, Koblenz və Essen şəhərindən olan azəraycanlılarla bir yerə toplaşıb, buradakı əlaqələrimizi işə salaraq erməni təxribatına qarşı önləyici tədbirlər barədə danışdıq. Məndə olan məlumata görə, müxtəlif idman növləri ilə məşğul olan azərbaycanlılar da bir araya toplaşaraq ermənilərin fiziki hucumlarından müdafiə olunmağı müzakirə ediblər”.
A.Orucovun sözərinə görə, Qarabağın indiyə kimi işğal altında olmasının səbəblərindən biri də Azərbaycadakı mövcud hakimiyyətin siyasi məqsədləri üçün “Qarabağ kartından istifadə etməsidir:  "Azərbaycan hakimiyyəti Qarbağla bağlı birmənalı mövqe ortaya qoya bilmir. Konkret olaraq Rusiyanın bu barədə göstərişlərini dinləyirlər. Bu barədə 2016-cı ildə dövlət başçısı İlham Əliyev də müəyyən fikirlər səsləndirmişdi. O bildirmişdi ki, ermənilərin Rusiyaya xahişi ilə biz hərbi əməliyyatları dayandırdıq”.
 

Niderlanda yaşayan jurnalist, “TİME TV”nin baş redaktoru Fikrət Hüseynliyə görə, ASALA və HAYDAT terror təşkilatları azərbaycanlılara qarşı istənilən terror aktını törədə bilərlər: “ASALA, HAYDAT və 24 Aprel təşkilatları Avropada yaşayan erməniləri özlərinə işləməyə məcbur edirlər. Onlardan aylıq haqq alırlar, kriminal qruplaşmaların fəaliyyətini genişləndirirlər. Bu faktdır və bu barədə internetdə xeyli material var. Bunların hazırkı dönəmdə, Rusiya, ABŞ və Avropada ermənilərlə azəbaycanlıların toqquşması fonunda sanki çörəklərinə yağ sürtülüb. Onlar azərbaycanlılara qarşı nələrsə edə bilərlər. Elə toplantılarında da açıq şəkildə Avropada yaşayan sadə azərbaycanlıları, Azərbaycanla bağlı qurumları, azərbaycanlı ictimai-siyasi xadimləri, jurnalist və aktivistləri açıq hədəf kimi göstəriblər. Onlar özlərini sülhpərvər kimi təqdim edə də bilərlər, ancaq hamı çox gözəl bilir ki, bu təşkilatların mahiyyətinə belə bir şey qətiyyən yoxdur”.

Həyatı ilə bağlı təhlükə hiss etmədiyini deyən F.Hüseynli qeyd edib ki, Niderlandın bir çox şəhərindəki qəsəbələrdə ermənilərlərlə azərbaycanlılar qonşudurlar: “Yaşadığım yerdə strateji obyektlər yerləşdiriyindən müşahidə kameralarının əhatəsindəyik. Bizim qəsəbədə də ermənilər var, ancaq onlar sadə ermənilərdir. Başı donlanışığa qarışan, yaşadıqları ölkənin qanunlarını pozmayan və hörmət edən...  Ancaq bəzi yerlər var ki, ermənilərlə azərbaycanlılar faktiki olaraq iç-içə yaşayırlar. Orada gənclər var ki, özlərin göstərmək istəyirlər. Məncə onlara qonşu olan azərbaycanlıların həyatı təhlükədədir. Hər an bir təxribat ola bilər. Bu səbəbdən çox diqqətli olmalıdırlar. Çünki ermənilərlə azərbaycanlılar arasında Avropaya keçən qarşıdurmalar gün keçdikcə böyüyür. ASALA, HAYDAT və 24 Aprel təşkilatının üzvlərinin Azərbaycan səfirliyinin qarşısına gəlmələri və orada görüntülənmələri də göstərir ki, bu adamlar qisas almaq üçün ciddi şəkildə fəaliyyətdədirlər. Çünki Tovuz istiqamətinə davam edən döyüşlərdə onların itkiləri dəfələrlə artıq olub. Çalışırlar ki, itkilərin qisasını alsınlar, Avropada yaşayan azərbaycanlıları qorxutsunlar. Həmvətənərimizə demək istəyirəm ki, istənilən təhlükədə dərhal Avropanın hüquq mühafizə orqanlarına məlumat versinlər”.

Almaniyada fəaliyyət göstərən azərbaycan dilli xəbər portalı “Netxeber.info”nun baş redaktoru Vüqar Aslan isə, həyatına qarşı hansısa təhlükə hiss etmir: “Yaşadığım Almaniyada ictimai təhlükəsizlik çox yüksək səviyyədə qorunur. Ancaq bu o demək deyil ki, biz erməni terror təşkilatının hücumlarından tam qoruna bilərik. Çünki bu təşkilatların xaricdə yaşayan türklərə qarşı terror aktı təcrübəsi var. Səhər mən küçədə gedəndə 4-5 erməninin hücumuna məruz qalsam, ancaq hüquqi addımlar ataram. Hüquq mühafiz orqanlarına, yaşadığım ölkədəki beynəlxalq təşkilatlara dərhal məlumat verərəm, eyni zamanda bunu yerli media vasitəsi ilə ictimailəşdirməyə çalışaram. Bura nə Rusiyadır, nə də Ukrayna. Almaniyada insanın insanı cəzalandırması birmənalı olaraq qəbul edilmir və böyük cinayət sayılır. Burada cəzalandırmaq səlahiyyəti ancaq məhkəmələrə məxsusdur”.
V. Aslan həmvətənlərimizin Azərbaycan səfirliyinin qarşısına yığışaraq oranı erməni təxribatndan qorumaqla bağlı səsləndirilən tənqidi fikilərə də münasibət bildirib : “Aksiyaların fəlsəfəsi insanların bir yerə toplaşaraq öz fikilərini siyasilərə çatdırmaqdır. Təbii ki, bizim Ermənistan səfirliyi qarşısında toplaşıb, aksiya keçirməyimiz Qarabağı qaytarmayacaq, amma bu tip aksiyların milli birlik, ümumxalq ideologiyası baxımından faydalı olduğu fikrindəyəm. Bu tip aksiyaları da planlı şəkildə keçirmək lazımdır. Aksiyaçıları bir yerə toplayıb, sonra səfirlik önünə çəkmək və səfirliyi mühafzə etmək nomal deyil. Çünki səfirlikləri yerləşdiləri ölkələrin hüquq mühafizə orqanları qoruyur. Los Ancelsdəki məlum qarşdurma zamanı da təşkilatçıların yanlışlığı olmuşdu. Onlar qarşı tərəfin nə qədər adam toplaya biləcəyini əvvəlcədən təxmin etməli idilər”.
V. Aslan bildirib ki, Ordumuza və dövlətimizə dəstək, eyni zamanda Qarabağ problemini daim gündəmdə saxlamaq üçün Avropada həmvətənlərimizin iştirakı ilə kütləvi aksiyaların keçirilməsini hər zaman dəstəkləyir.    

©  Xeber.de

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar