Avropadakı diasporamızın Qarabağ sınağı 

img
+    -

Xaricdə, xüsusilə Avropada yaşayan həmvətənlərimiz Qarabağ həqiqətləri, erməni terroru və vandalizmini dünya ictimaiyyətinə tanıtdırmaq üçün yürüş və aksiyalarını davam etdirirlər. 
Ermənilərin Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirdikləri kəmiyyət etibarı ilə böyük yürüşdən sonra Azərbaycan ictimaiyyətində “Niyə xaricdəki azərbaycanlılar daha kütləvi yürüş və mitinqlər keçirə bilmir?” kimi fikirlər səsləndirildi, xaricdəki disaporamız tənqid olundu. Xeber.de olaraq aktual mövzu ilə bağlı Avropada yaşayan həmvətənlərimizin fikirlərini öyrəndik. Hansı ki, onların bəziləri yaşadıqları ölkələrdə kütləvi yürüş və mitinqlərin təşkilatçıları olublar. 

Fikrət Hüseynli : “Onlar bir şirkət kimi fəaliyyət göstərirlər”

Hollandiyada yaşayan jurnalist Fikrət Hüseynli açıqlamasında bildirib ki, yaşadığı ölkədə erməni diasporası ev-ev, şəxs-şəxs işləməyə üstünlük verir: “Kimlər ki, diasporadan qaçmaq istəyir, ümumi fəaliyyətən yayınır, onları da məcbur edirlər. Təşkilatlanmış bir formada. Erməni diasporasının ən böyük uğuru odur ki, Avropada, ABŞ-da yaşayan ermənilərin problemlərini həll etməyə qadirdirlər. Eyni zamanda onların toplaşmaları üçün yerlər var. Məsələn, bütün ölkələrdə kilsələri var. Kilsələrdə yığışıb, öz aralarında pul toplayıb, Avropada iş görmək, təhsil almaq istəyənlərə yardım edirlər. Onlar bir təşkilat, bir şirkət kimi fəaliyyət göstərirlər və Ermənistanı  bir ofis kimi idarə edirlər. Yəni, Ermənistan erməni diasporasının ofisidir. Çox təəsüflər olsun ki, Azərbayan diasporası bu kimi gedişləri hələ mənimsəməyib. Bizim fövqəladə bir şey axtarmağımıza da ehtiyac yoxdur. Azərbaycan diasporasında bir-iki ağıllı adam olsa, erməni və digər xalqların diasporalarının təcrübələrindən yararlanıb, onu milliləşdirib daha güclü bir fəaliyyət istiqaməti yaradarlar”.
F.Hüseynlinin sözlərinə görə, illərdir xaricdəki diaspora təşkilatlarına bu qədər pul xərclənməsinə baxmayaraq, ortada bir şey yoxdur: “Təssüflər olsun ki, bəzi diaspor təşkilatlarının indiyə kimi fəaliyyəti vətənpərvər insanlarımızı izləyib, onlara problem yaratmaq olub. Təsəvvür edin, bu adamlar Avropada, ABŞ-da bir yandan Azərbaycanı müdafiə edirlər, digər tərəfdən də diaspor təşkilatlarımızdan, hakimiyyət qurumlarından, ayrı-ayrı məmurlardan  gələcək zərbəni dəf etməklə məşğul olurlar”.

Əlövsət Əliyev: “Xaricdə yaşayanlarla bağlı məlumat bazası mövcud deyil”

Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev bildirib ki, erməni terroru və vəhşiliyinə qarşı keçirilən bir tədbirin təşkilatçısının Diaspora Komitəsinə dəxli olmamalıdır: “Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması işi Diasporla İş üzrə Dövlət Komitəsinə həvalə edilib. Komitə özünü azərbaycanlı hesab edən şəxlərin təsis etdiyi diaspor təşkilatlarının əlaqələndirməsini təmin etməlidir. Dipomatik münasibətlərdən istifadə edib, xaricdə Azərbaycanın dostu olan dövlətlərin diaspor təşkilatları ilə isti münasibətin yaranmasına, birgə fəaliyyət istiqamətində işlərin görülməsinə vasitəçi olmalıdır. Bu sahədə problemlərimiz var. Ölkə başçısı dünyada yaşayan azərbaycanlıları milli birliyə çağırsa da, biz bunu Diaspora Komitəsinin hərəkətlərində görməmişik. Avropada ən böyük yürüş-mitinqi Almaniyanın Düsseldorf şəhərində olub. Ancaq bu yürüş barədə Diaspora Komitəsinin saytında heç bir məlumat yoxdur. Təbii ki, bu da həmin yürüşü təşkil edənləri, orada iştirak edənləri ruhdan salır”.
Ə.Əliyev müharibə şəraitində xaricdə yaşayanların təşkilatlanması barədə də danışıb. O bildirib ki, milli vətənpərvərlik ideyaları daha yüksək olmalıdır: “Bu barədə ölkə başçısı çıxışlar edib. Yaxşı olardı ki, o, xaricdə yaşayan azərbaycanlılara da müraciət eləsin. Xarici İşlər Nazirliyi də soydaşlarımızla daim iş aparmalıdır. Onların hər biri haqqında informasiya toplamalıdır. Bu işdə konsulluqlar da aktiv iştirak etməlidir. Ünvanlara zəng vurmalı, koordinasiya etməlidirlər. Əfsuslar olsun ki, nə konsulluqların, nə də Dispora Komitəsinin xaricdə yaşayanlarla bağlı məlumat bazası var. Məlumat bazası olmayandan sonra insanları da bir araya gətirmək olduqca çətindir. Hər bir ölkədə əlaqələndirmə şuraları yaradılmalıdır. Hər bir tədbir haqqında əvvəlcədən məlumat verilməli, təşkilatçılar bir-biriləri ilə əlaqələndirilməlidirlər. Məsələn, oktyabrın 15-i, 16-ı və 17-inə aksiyalar təyin olunub. Əlaqələndirmə şurası olsaydı, bir həftə, 10 gün ara verərdi. İnsanlar bu üç tədbirin üçündə də iştirak etmək istəyir, ancaq vaxt baxımından bu mümkün olmur. İnsanlar üç yerə parçalanır, kütləvilik nisbətən az gözə çarpır. Diaspora komitəsi aksiya, yürüş və tədbiri kimin keçirməyindən aslı olmayaraq dəstək verməlidir. Şüarlar, plakatların müəyyən olunması, tədbirin yekun sənədi, tədbirdən sonra media orqanlarına göndərmək üçün məlumatların hazırlanması və s. Təbliğat maşını koordinasiyalı şəkildə idarə olunmalıdır. Təsəvvür edin, Avropada yaşayan və belə yürüş, aksiya və tədbirin təşkilatçısı olan bir həmvətənimizə Diaposra Komitəsi, Xarici İşlər Nazirliyi və ya Elmlər Akademiyasından zəng vurulsa və dəstək ifadə edilsə, tapşırıq verilsə necə olar? Həmin insan da vətənpərvərlik hisslərindən çıxış edərək işinə daha məsuliyyətlə yanaşar. Yəni hər bir vətəndaş hiss eləməlidir ki, onun arxasında ölkəsi və Vətəni dayanıb”.
Hüquqşünas bildirib ki, xaricdə yaşayan hər bir Azərbaycan vətəndaşı haqlı davamızla bağlı nəsə etməlidir: “Yazılar, yazılmalı, müsahibələr verilməli, sosial şəbəkə istifadəçilərinə xitab edən məlumatlar paylaşılmalıdır”.

Rafiq Təmrazov: “Diaspora fəaliyyəti xaricdə yaşayan azərbaycanlıların öz ixtiyarına buraxılsa, daha yaxşı olar”

Almaniyada fəaliyyət göstərən Demokatik Azərbaycanı Seç (DAS) təşkilatının sədri Rafiq Təmrazova görə, xaricdə yaşayan azərbaycanlılar milli məsələlərdə bir olmağa çox yaxındırlar: “Ancaq diaspora fəaliyyəti dövlət tərəfindən idarə olunur və bu bir neçə şəxsə həvalə olunub. Diaspora fəaliyyəti xaricdə yaşayan azərbaycanlıların öz ixtiyarına buraxılsa, daha yaxşı olar. Təbii ki, Azərbaycanda müharibə şəraiti olsa da, deməliyik ki, demokratik rejim olmadığından, onlar ancaq tərifə üstünlük verən təşkilatlarla işləyirlər, onları axtarıb tapırlar. Bu gün Azərbaycan çox böyük sınaq qarşısındadır, Vətən müharibəsi gedir. Hər bir azərbaycanlının borcudur ki, dövlətin və ordunun yanında olsun, dəstəyini hansısa formada ifadə etsin. Və görürük ki, bu belədir. Hətta Azərbaycanda kəskin tənqid olunan müxalifət nümayəndələri, jurnalistlər, şərlənib, həbs olunan siyasi aktivistlər hökumətlə müharibə mövzusunda eyni addımı atır. Buna baxmayaraq sanki hakimiyyət tərəfi bundan da bir mənfəət güdür. Bu günlərdə keçirilən tədbirlərin çoxunu Diaspora Komitəsinin adına yazıb, sanki hakimiyyət tərəfindən atılmış bir addım kimi təqdim etməyə çalışırlar”.
R.Təmrazov qeyd edib ki, milli məsələlərdə, xüsusilə son hadisələrlə bağlı xaricdəki müxalif təşkilat və şəxslər daha çox birlik nümayiş etdirirlər: “Onlar kütləviliyi daha çox təmin edir, səliqəli aksiya, yürüş və tədbir keçirirlər. Ancaq bu tədbirlərin mediada işıqlandırılması zamanı onların adları da hallanmayıb. Bunu özləri də istəməyib. Çünki bunlar milli birliyə səsləyən tədbirlərdir. Burada mən, sən, o, söhbəti ola bilməz. Hesab edirəm ki, milli məsələyə görə hökumət insanların müstəqil fikirlərinə hörmət etməli, qərar və seçimləri özlərinə buraxılmalıdır. Səfirlik və konsulluqların bu istiqamətdə kordinasiyalı fəaliyyəti olmalıdır”.

Elçin Abdullayev: “Fuad Muradov, şəffaflığı təmin edin”

Demokratik Təhsisatlar və İnsan Hüquqları İctimai Birliyinin (DTİHİB) sədri Elçin Abdullayev isə düşünür ki, Azərbaycanda insanların diaspora haqqından fikirləri tam aydın deyil: “Azərbaycanda diaspora olmadığı üçün, insanlar bilmir ki, onun funksiyaları nədir: ”Diaspora fəaliyyəti kağız üzərində olub. Əksər təşkilatların işi dövlətdən maliyyə yardımı almaq, Novruz şənliyi təşkil etmək, küçədə kabab çəkib, şəkərbura, paxlava paylamaqdan ibarə olub. Diasporalar dövlətlərin, xalqların maraqlarını, lobbiçiliyini təşkil etməlidir. Qarabağ həqiqətlərini, son Gəncədə baş verən erməni terrorunu dünyaya düzgün formada çatdırmaq üçün koordinasiyalı diaspora işlərinə ehtiyac var. Məsələn, bu gün alman mətbuatında Azərbaycan və Qarabağ həqiqətləri barəsində düzgün məlumat verilmir. Dövlət tərəfindən diaspora fəaliyyəti üçün nəzərdə tutulan pullar ayrı-ayrı şəxslərin xaricdə var-dövlətləri, bizneslərini genişləndirməsinə xidmət edir. Gördüyünüz kimi bu gün də Avropada təşkil olunan yürüş və aksiyaların təşkili müxalif fəallar, aktivistlərin hesabına həyata keçirilir. Hardadır bəs bu illərdir dövlət büdcəsidən yardımlar alan diaspora təşkilatlarımız? Diaspora Komitəsi niyə xərclənən pulların şəffafığını təmin etməyə yönəlik hansısa addımı atmır? Dövlət büdcəsindən ayrılan pullar hara gedib, kimlərə verilib, açıqlansın”.
E.Abadullayev düşünür ki, indiyə kimi Azərbaycanın xaricdə gözə çarpan bir diaspor fəaliyəti olmayıb: “Əldə olunan naliyyətlər də müstəqil, vətənpərvər insanlarımızın öz hesabına gördüyü işlərin nəticəsində olub. Ümumiyyətlə diaspora ciddi dövlət siyasəti olmalıdır. Sənəd üzərində olmamalıdır. Məsələn, Almaniya azərbaycanlıların təhsil aldığı ölkələrin sırasında ilk yerdə qərarlaşıb. Bu gün burada tələbələr siyasi düşüncələri açıq ifadə edən insanlara tərəf gəlməyə qorxurlar. Əks tərəfə gedəndə də, dövlət onların potensialından düzgün istifadə edib, vahid bir istiqamətə yönəldə bilmir. Bütün bunlar göstərir ki, bu günə qədər ayrı-ayrı dövlət idarələri nə işlər məşğul olubsa, Diaspora Komitəsi də bu gün o işlə məşğul olur. Pul qazanmaq, pul silmək, şəkərbura, paxlava paylamaq və s. Mən Diaspora Komitəsinin sədri Fuad Muradova müraciət edirəm, xahiş edirəm şəffaflığı təmin edin”.


Fərahim İlqaroğlu: “Diaspor təşkilatları müstəqil olmalıdır”

Almaniyada yaşayan jurnalist Fərahim İlqaroğlu erməni diasporasının güclü olmasının səbəblərinə aydınlıq gətirib: “Yəqin siz ABŞ-ın Kaliforniya ştatında keçirlən aksiyanı nəzərdə tutursuz. Əvvəla onu deyim ki, bu ştat dünyada ermənilərin ən çox və kompakt yaşadığı bir yerdir. Erməni lobbiçiliyi burada çox güclüdür. Ermənilər buranı “Kiçik Ermənistan” adlandırırlar. Təbii ki, hər hansı bir yürüş və aksiya zamanı kəmiyyət və keyfiyyət özünü büruzə verməlidir. Avropa dövlətlərinə baxanda isə, mən deməzdim ki, bizim diaspora fəaliyyətimiz ermənilərinkinə uduzur. Burada çox cüzi fərqlər hiss olunur. Xüsusilə son illər siyasi fikir və mənsubiyyətindən aslı olmayaraq həmvətənlərimizin milli məsələlərdə bir olmağı keçirilən tədbirlərin keyfiyyətli olmasını bir daha sərgiləyir”.
F. İlqaroğlu bildirib ki, Azərbaycanın Diaposra Komitəsinə bağlı təşkilatlardan fərqli olaraq erməni diaspor təşkilatları öz büdcələrini aylıq ianələr hesabına formalaşdırırlar: “Bu da görülən işin keyfiyyətinə təsir edir. Təsəvvür edin, əgər mən aylıq qazancımdan 10 avro yaranan vahid fonda köçürərəmsə, işə bir qədər məsuliyyətli yanaşaram. Təşkil olunan tədbirlərdə yaxından iştirak edərəm. Eyni zamanda toplanan vəsaiti xərcləyən təşkilat da özündə bir məsuliyyət hiss edər ki, bu qədər insanın gözü onlardadır. Əfsuslar olsun ki, bizdə diaposr təşkilatlarının əksəriyyəti ya hökumətyönümlü, ya da müstəqil görünüb, əslində hakimiyyətin çaldığı havaya oynayanlardır. Bu belə olmamalıdır. Bu gün Avropada fəaliyyət göstərən erməni və yəhudi diaspor təşkilatlarının heç biri dövlətdən bir qəpik yardım almır, hakimiyyətdən aslı da deyillər. Əksinə hakimiyyət onlarla hesablaşır. Təsəvür edin, Fransada erməni lobbisi o qədər güclüdür ki, prezident Makron növbəti seçimdə onların dəstəyini almaq üçün Azərbaycan və Türkiyəyə təzyiq etməyə cəhd göstərir. Erməni diaspora təşkilatları büdcələrinin hesabına öz ölkələrində məktəblərin, xəstəxanaların tikilməsinə yardım edir, xaricdə oxumaq istəyən tələbələrin təhsil haqqların öz üzərlərinə götürürlər”.
F. İlqaroğlu deyib ki, diaspora işində keyfiyyətin təmin olunaması təşkilatların müstəqil olmasından keçir: “Düşünürəm ki, bizim Diapora Komitəmiz əlini bütün təşkilatların üzərindən çəkməlidir. Qoy həmin təşkilatlar müstəqil, öz ayaqları üstündə durmağı öyrənsin. Bir ölkədə 2-3 təşkilat olsun, ancaq milli maraqlara xidmət edən bir iş görüləndə biz o keyfiyyəti görə bilək. Komitə yalnız təkliflər versin, dövlət idarələri ilə təşkilatların əlaqələrini koordinasiya etsin. Eyni zamanda mən komitə sədri Fuad Muradovdan xahiş edirəm ki, illik planlarının arasına xaricdə yaşayan azərbaycanlılarla görüşü də əlavə etsin. Düzdür o, bunu komitənin yardımları ilə fəaliyyət göstərən təşkilat rəhbərləri ilə edir. Amma, bu görüşlərdə fikir müxtəlifliyi olmadığından inkişafa doğru bir nəticə əldə olunmur”.

Mövzu Azərbaycanın Diaporla İş üzrə Dövlət Komitəsi və onlara bağlı təkilat rəhbərlərinin fikirləri ilə davam etdiriləcək. Bizi izləyin...

Zöhrab Zeynal 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar