Azərbaycan səfirliyinin süründürməçiliyi ölümlə nəticələndi - VİDEO

  • Avropa
  • 19 May 03:12
  • 237 Oxunma
img
+    -

Mayın 17-də Azərbaycanın Rusiyadakı səfirliyinin inzibati binasının önündə bədbəxt hadisə baş verib. Səfirlikdən bildiriblər ki, konsulluq xidmətinin girişinin qarşısında Rusiya Federasiyasının vətəndaşı Muradov Rüfət Əli oğlunun vəziyyəti qəflətən pisləşib və o, dünyasını dəyişib.
Bununla əlaqədar dərhal təcili tibbi yardım çağırılıb və polisə məlumat verilib. Hadisə yerinə gəlmiş Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları vəfat etmiş şəxsin Rusiya vətəndaşı olmasını və ekspert-kriminalist tərəfindən rəyin bildirilməsinin vacibliyini əsas gətirərək Rusiyanın səlahiyyətli nümayəndələrinin gəlişinə qədər cəsədin yerdən götürülməsinə icazə verməyiblər.


Müəyyən müddətdən sonra hadisə yerinə gələn kriminalistin öz rəyini bildirməsi cəsədin təcili tibbi yardım briqadası tərəfindən morqa aparılmasını mümkün edib.
Hadisə ilə bağlı Xeber.de-yə danışan hüquqşünas Əlövsət Əliyev bildirib ki, səfirlik məlumatında rəhmətə gedən şəxsin Rusiya vətəndaşı olmasını vurğulamaqla məsuliyyətdən yayınmağa çalışır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşı olmayan şəxs səfirliyin qarşısına gəlməzdi: “Heç bir araşdırma aparmadan bildirirəm ki, həmin şəxs heç şübhəsiz ki, həm də Azərbaycan vətəndaşıdır. Rusiyadakı səfirliyimizin qanunsuz hərəkətlərindən dəfələrlə yazmışıq, təəssüf ki, vəziyyət daha da pisləşməkdə davam edir”.

Rusiyada yaşayan politoloq Anar Həsənov Xeber.de-yə bildirib ki, bu ölkədə xarici dövlətlərin səfirliklərinin içində yeganə Azərbaycan səfirliyidir ki, orada həftənin beş günü uzun növbələr görmək mümkündür: “Niyə Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu 15 il ərzində bu mənzərənin qarşısını almaq üçün heç bir tədbir görməyib¬? Sözsüz ki, səfirliyin konsulluq şöbəsinin ərazisi kiçikdir. 4 mərtəbədən ibarət səfirliyin nəzdində qonaq evi kompleksi var ki, orada dövlət tədbirləri keçirilir. Azərbaycanda seçki olarkən, seçki prosesi həmin binada təşkil edilir. Səfirliyin bütün əməkdaşları prosesə səfərbər edilir. Bu 15 ildə səfirlik qarşısında vətəndaşlardan ibarət uzun növbələrin olmaması üçün bu işə vaxt ayırmaq lazım idi. Görünür Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Londonda, Moskvanın mədəniyyət mərkəzlərində, toy evlərində oxumaqdan bu işə vaxtı qalmayıb”.

A.Həsənov vurğulayıb ki, qonaq evinin akt zalında konsulluq əməkdaşları rahat şəkildə 100-ə yaxın insanı qəbul edə bilərlər: “Vətəndaşlar çox rahat şəkildə mühafizə xidmətindəki yoxlanışdan keçəndən sonra həmin akt zala buraxıla bilərlər. Bu prosesi təşkil etmək olardı. Nəticədə vətəndaşlarımız rahat şəkildə sənədlərini qaydaya salmaq üçün yağışın, qarın, günün altında yox, səfirik nəzdindəki akt zalında əyləşib, öz görüş saatlarını gözləyərdilər. Bu problem həll olunmayınca belə uzun növbələr də olacaq”.

Azərbaycanın Rusiyadakı səfirliyindən bildirilib ki, ölüm səbəbinin öyrənilməsi məqsədilə səfirlik Rusiyanın aidiyyati qurumlarına müraciət ünvanlayıb. Səfirlikdən uzun növbələrin yaranması ilə bağlı sualı cavablandıran olmayıb. 

 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar