Gədəbəydə dövlət puluna dünyanın ən bahalı zalını tikiblər – kvadratı 4333 AZN-ə

img
+    -

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin, Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun törətdikləri cinayətə bərəbər qanunsuzluqların eynisi, hətta dəfələrlə ondan artığı Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarov tərəfindən törədilib. Xeber.de-yə daxil olan məlumatda deyilir ki, amma Ramiz Yediyarov bu gün şad-xürrəm evində-eşiyindədir, ona gözün üstündə qaşın var deyən belə yoxdur. 

Nədən Ramiz Yediyarova Nizaməddin Quliyev və Qoca Səmədovdan fərqli münasibət sərgilənir?   

2018-ci ilin yayında Baş Prokurorluq Ramiz Yediyarovun Gədəbəydəki fəaliyyətini yoxlamaq üçün kompleks yoxlama təşkil etdi. Lakin qısa müddət ərzində bəlli oldu ki, yoxlayıcılar daha çox Ramiz Yediyarovun cinayət dosyesini  “təmizləmək” niyyəti güdürlər. Ortada maliyyə nazirinin müavini Azər Bayramov işə qarışması və yoxlamanın çox yüngül şəkildə aparılmasına nail olmması haqda çox ciddi iddialar vardı. Bidirilirdi ki, Azər Bayramovun bu cür ağır məsələdə canfəşanlıq etməsinə səbəb onun Rayon Maliyyə İdarəsinin rəisi Namiq Məmmədovla əlbir olaraq rayona ayrılan büdcə xərclərinin şişdirdilərək talan edilməsinə şərait yaratmasından qaynaqlanır. Rayon sakinlərinin dediyinə görə hətta yeni icra başçısı İbrahim Mustafayev də Ramiz Yediyarovun və onun rayondakı əlaltılarının bu yoxlamadan “təmiz” qurtarmasına kömək etmişdi. Sonrakı dövrdə İbrahim Müstafayev Ramiz Yediyarovdan qalma kadrlarla işləməsi də yoxlama materiallarının  sonuncunun xeyrinə olacağından xəbər verirdi. Belə də oldu. 

Yeri gəlmişkən qeyd edək ki, İbrahim Mustafayev  1 ildən artıqdır ki, fəaliyyət göstərdiyi dövrdə 1 nəfər də olsun əsaslı kadr dəyişikliyi etməyib. Ramiz  Yediyarovun təyin etdiyi və rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədova yaxın kadrların heç birini işindən kənarlaşdırmayıb. İbrahim Mustafayevin bu “xidməti” Azər Bayramov tərəfindən xüsusi qiymətləndirilib və rayona abadlıq, təmir üçün külli miqdarda vəsait ayrılıb. Həmin vəsait İbrahim Mustafayevə yaxın şirkətlərə  köçürülərək, qiymətlərin şişirdilməsi yolu ilə mənimsənilməsi iddiaları var.

Ortada konkret faktlar da var, hansılar ki,  şişirtmə və büdcə pullarının oğurlanmasını, mənimsəməsini deməyə əsas verir. 

Fakt budur ki, 2019-cu ildə Rayon İcra Hakimiyyəti binasının yanında əlavə olaraq 300 kvadrat metrlik bir bir iclas zalı inşa olunub. Bu məqsədlə ayrılan və xərclənən vəsait düz 1 milyon 300 min manatdır. Yəni, bu zalın 1 kvadrat metri dövlətə 4 min 333 manata başa gəlib.

Bu Gədəbəyin mərkəzində tikilən 300 kvadrat metrlik binadakı qiymətlərin hansı fantastik həddə qədər şişirdilməsi haqda məlumatdır. Hüquq mühafizə orqanları, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti, ən pis halda elə Gədəbəy rayon Prokurorluğu da bu məsələni araşdırıb büdcə oğruları ifşa edə bilər.

Müqayisə həqiqəti ortaya çıxarır və bu həmişə belədir. 

İllərlə yoxlanılmış üsula biz də baş vurduq.

Gədəbəyin İcra Hakimiyyətinin binasının 1 addımlığında 1 kvadratın inşası 4 min 333 manata başa gələn tikilinin Bakıda tikiləcəyi halda kvadratının neçəyə başa gələcəyini araşdırdıq.  

Ölkənin paytaxtında 1 kvadrat metri bu qiymətə mənzil varmı? 

Məsələn Hüseyn Cavid prospektində tikinti işlərini aparan “Olympus park” şirkəti yeni binada 1 kvadrat metrin evin hansı mərtəbədə yerləşməsindən asılı olaraq 2250 manatdan 2500 manata qədər olduğunu deyir. 

Ağ Şəhər layihəsində isə, tikintinin hansı şirkət tərəfindən keçirilməsindən asılı olaraq evlərin 1 kvadrat metrinin qiyməti 1500-2500 manat arasında dəyişir.

Ciddi rəqəmlərdir və yeyintini aşkar ortaya qoyur.   

Bu gün oxşar cinayətlərlə bağlı icra başçıları həbs edilirsə, Azər Bayramovun kölgəsinə sığınan və Gədəbəy Rayon Məhkəməsi tarixində görülməmiş  cərimə ilə - 30 manat ödəməklə məsuliyyətdən yayınan Ramiz Yediyarov və onun əlaltıları da cəzasız qalmamalıdır. 

Bu arada İbrahim Mustafayevin icra nümayəndələrindən və rayonda yeni tikilən kommersiya obyeklərindən haqq alması haqda da məlumatlar gəlməkdədir.

 

Oxşar yazılar