İlham Əliyev: Mən Xarici işlər nazirini tapa bilmədim

img
+    -

“Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat”

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında Xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.

Prezident bildirib ki, son bir neçə gün ərzində ancaq onun göstərişləri əsasında addımlar atılıb:

“ Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş nazir iş yerində, mən iş yerimdə səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili işlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici işlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De”.

Bundan sonra ölkə başçısı ilə Baş nazir arasında aşağıdakı dialoq yaranıb:

Baş nazir Əli Əsədov dövlət başçısının sualına “Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm.

Prezident İlham Əliyev: Necə, evdən işləyirəm?

Baş Nazir Əli Əsədov: Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi siz dediniz, Hikmət Hacıyev sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici işlər naziri olaraq sən bunu, bunu, bunu et - sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsən? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur.

Prezident İlham Əliyev: Aydındır. Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq.

Prezident Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Pakistan və Orta Asiya respublikalarının rəhbərlərinə də təşəkkürünü bildirib:

“Biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Bizim digər dost, qardaş ölkəmiz Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Fürsətdən istifadə edərək, Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə - Qazaxıstan, Qırğızıstan, Türkiyə təbii ki, Özbəkistan rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, yəqin ki, Azərbaycan ictimaiyyəti bunu bilir, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib. Bu təşkilatda 57 dövlət birləşir. Budur bizə göstərilən beynəlxalq dəstək”.

Dövlət başçısı bəzi Avropa ölkələrinin öz rəsmi nümayəndələri vasitəsilə Azərbaycana dəstək ifadə etdiklərini deyib.

“İğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər”

İlham Əliyev iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiyaya da toxunub:

“Dünən bir qrup vətənpərvər insan bu işlərə öz münasibətini bildirmək, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmək üçün Şəhidlər Xiyabanına üz tutdu. Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər Xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər Xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər. Mən daxili işlər orqanlarına göstəriş vermişdim ki, insanların Şəhidlər Xiyabanına gəlişini, onların təhlükəsizliyini təmin etsin, yol hərəkətini tənzimləsin. Çünki insanlar bir çox hallarda avtomobil yolu ilə gedirdilər. Bütün bu göstərişləri dünən axşam mən Daxili işlər naziri Vilayət Eyvazova verdim. Eyni zamanda, dedim ki, siz ayıq olun, çünki istisna edilmir, hansısa təxribatçı qüvvələr və bizi istəməyənlər, “beşinci kolon”un nümayəndələri, satqınlar orada hansısa təxribat törədə bilərlər. Çünki belə kütləvi tədbirlərdə, o cümlədən əvvəlcədən təşkil olunmamış kütləvi tədbirlərdə bəzən xoşagəlməz hallar da baş verir. Ona görə Şəhidlər Xiyabanına qədər bütün yol boyunca polis əməkdaşları öz vəzifə borclarını ləyaqətlə icra ediblər. Şəhidlər Xiyabanında da insanlar yığışanda asayiş tam təmin edilirdi. Ancaq bir daha demək istəyirəm ki, bir qrup təxribatçı bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdı. Təbii ki, daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Artıq onların şəxsiyyəti müəyyənləşdirilir. Onların hamısı məsuliyyətə cəlb ediləcək, bir nəfər də, - mən bu gün səhər dedim, - məsuliyyətdən boyun qaçıra bilməyəcək. Əlbəttə ki, ancaq qanun çərçivəsində onlara layiqli cəza veriləcəkdir, əgər onlar məhkəmə tərəfindən bu cəzaya layiq görüləcəklərsə. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün biz ictimaiyyətdən də yardım istəyirik. O təxribatçıları tam müəyyən etmək üçün dünən oraya toplaşan vətənpərvər insanlardan da mən xahiş edirəm, əgər o videokadrlarda kimisə, iğtişaş törətmək istəyənləri tanıyırlarsa, məlumat versinlər, biz hamısını tapaq və cəzasını verək”.

“Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır”

Prezident AXCP-nin təxribat törətdiyini bildirib:

“Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz. Dünənki hadisə hamımız üçün bir siqnal olmalıdır. Görmürdünüz ki, neftin qiyməti 14 dollara düşəndə necə sevinirdilər. Buna kim sevinir - ermənilər, bir də bunlar. Bir-birinə muştuluq verirdilər, bayram edirdilər, təbrik edirdilər. O Amerikada oturan deyir ki, hələ gözləyin sürüşə-sürüşə gələcək sıfıra. Heç olmasa, ağlın olsun, neftin qiyməti sıfır ola bilər? Hələ deyir, tələsməyin sevinməyə, hələ gələcəkdə sevinəcəyik ki, neft 14 dollardan da düşsün, ondan sonra nə olacaq. Sual verin, 2 ildir Amerikada oturub. Birincisi, hansı pulla sən orada oturursan? Kim səni orada saxlayır, kim sənə pul verir, kim sənə təlimat verir, De ki, Azərbaycan xalqı bunu bilsin. İndi oturub orada, xarici pullarla vəziyyəti qarışdırmaq istəyir. Ona görə bunlara son qoyulacaq. Heç kimdə bu haqda şübhə olmasın. Biz dövlətimizi qoruyuruq, qoruyacağıq. Azərbaycan xalqı dəfələrlə vətənpərvərlik göstəribdir. Bu, bizim növbəti şanlı qələbəmizdir. Bu mövzunu yekunlaşdırmaq üçün bir daha demək istəyirəm ki, biz bilirik nə etmək lazımdır, nə vaxt etmək lazımdır və necə etmək lazımdır. Bu günə qədər bizim bütün addımlarımız uğurlu olub - istər döyüş meydanında, istər siyasi müstəvidə, istər daxili vəziyyətlə bağlı, iqtisadi və digər sahələrdə”.

““Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin...”

Ölkə başçısı 14 iyul aksiyasında Qarabağa müharibəyə getmək isəyənlər haqqında da danışıb:

“Mən bu gün səhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri ilə danışmışam və maraqlanmışam. Dedim, mənə de, bu günlər ərzində sizin rayon şöbələrinə nə qədər adam müraciət edib ki, gedib vuruşmaq istəyir. Mən bu rəqəmi deyəcəyəm, hər kəs onu eşitsin və özü təhlil aparsın. Dedi təqribən 150 nəfər. Dünən Şəhidlər Xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən “Qarabağda vuruşmaq istəyirəm” deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin. Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər? Bax, real vəziyyət bundan ibarətdir. Bir daha demək istəyirəm ki, bu gün buna ehtiyac yoxdur, bu gün səfərbərliyə ehtiyac yoxdur”.

Mənbə © Meydan TV

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar