"İtaət et, peyvənd ol!" - Elnur MƏCİDLİ yazır

  • Avropa
  • 21 İyl 18:20
  • 90 Oxunma
img
+    -

Fransa hökümətinin koronavirus pandemiyasıyla bağlı əhalini məcburi peyvənd edilməsi, sanitar sənəd məcburiyyəti gətirilməsiylə bağlı atdığı addımlar, Fransa cəmiyyətində böyük narazılıq doğurub.

Yeni qərarla, peyvənd olunmadan kino, teatr, restoran, mağaza və s. ictimai yerlərə PCR testsiz daxil olmaq mümkün olmayacaq.

Yəni, bir mağazaya alış-veriş üçün gedirsinizsə və peyvənd olunmamısınızsa, hər dəfə yeni PCR arayışı göstərməniz məcburi olacaq və eyni zamanda hazırda pulsuz olan PCR testi payız aylarından etibarən (çox gümanki sentyabr-oktyabr aylarında) pullu olacaq. Belə ki, hər antijen testi üçün vətəndaşlardan 29 avro, PCR testi üçün 49 avro alınacaq.

Düşünə bilirsiniz, mağazaya ərzaq almağa, yaxud geyim almağa gedirsiniz, əgər peyvəndiniz yoxdursa, içəri daxil olmaq üçün siz hər dəfə yaxınlıqdakı aptekdə ən az 29 avro test pulu ödəməlisiniz.

Bənzər prosedura Almaniyada artıq tətbiq olunur, ancaq vətəndaşlardan bildiyim qədər heç bir pul alınmır, hələ də bütün xərclər sosial sığorta qurumunun üzərindədir.

Bütün bu addımlar, təbii ki, əhalinin məcburi peyvənd edilməsinə hesablanıb. Xüsusiylə, dövlət və ictimai sektorlarda çalışanlar üçün, həmçinin tibb işçiləri üçün artıq peyvənd olunmaq məcburi hala gətirilir.

Koronavirus pandemiyasıyla bağlı alınan önləmlərlə bağlı, istər Fransa hökümətinin qərarları, istər prezident Makronun çıxışları heç də birmənalı qarşılanmır, ictimai narazılığın artdığını hiss etmək mümkündür.

Bu hadisələrin fonunda, peyvəndin əleyhinə olan bir fransız iş adamı, sahibi olduğu böyük reklam panolarının ikisində ölkə prezidenti Makronun şəklini, Nazi Almaniyasının lideri Hitlerlə karikaturalaşdırıb, İTAƏT ET, PEYVƏND OL başlıqlı afişa yerləşdirib.

Fransanın Var əyalətinin Toulon şəhərində (olduqca turistik şəhərdir) qurulan bu reklam panoları, ölkədə böyük əks-səda doğurub.

Bu gün Toulon prokurorluğu, bu iş adamı haqqında ölkə prezidentini ictimai təhqir etməsiylə bağlı istintaq başladıb.

İş adamı atdığı addımı, söz azadlığı kimi görsə də, hazırda 1 il həbs və 45 min avro təzminat ödəmə riski var.

Burada ortaya çıxan 2 nəticə var.

1. Hökümət, hər zaman ictimaiyyətin mövqeyini nəzərə almalı, və atacağı addımları da o yöndə atmalıdır.

2. Hər hansı məsələyə qarşı olmaq, etiraz etmək, heç kimə bir başqasını təhqir etmə imkanı vermir.

Elnur MƏCİDLİ

Oxşar yazılar