“Mühacirlərin əksəriyyəti Azərbaycana gəlib-gedirlər ” - Elnur Məcidli

img
+    -

On bir ildir ki, Fransada siyasi mühacir kimi yaşayan ictimai fəal Elnur Məcidli Azərbaycana qayıdıb. İyulun 12-də bu barədə yaydığı məlumatda o, prezidentə müraciətinin qəbul olunduqdan sonra qayıtdığını bildirib.

Elnur Məcidli qayıdışı barədə Mikroskop Mediaya açıqlamasında bildirib ki, prezidentə yazılı müraciətlə yanaşı hüquqi müstəvidə də addımlar atıb:

Nəhayət, bu ilin may ayında Binəqədi Rayon Məhkəməsi barəmdə açılan 10 illik cinayət işinə xitam verdi.11 ildir ki, haqqımda açılan cinayət işiylə bağlı doğma vətənə gələ bilmirdim. Mənim müraciətim cənab prezidentə məruzə olunduqdan sonra onun müsbət rəyi sayəsində düyünə düşmüş məsələlər çözüldü.

Şəxsi təşəbbüsü ilə müraciət etdiyini vurğulayan E.Məcidli mühacir statusu olan digər Azərbaycan vətəndaşlarına da çağırış edib və vurğulayıb ki, onların əksəriyyəti barədə hər hansı cinayət işi, yaxud beynəlxalq axtarış yoxdur.

Bu mühacirlərin böyük əksəriyyəti 3-cü ölkə vasitəsiylə Azərbaycana gəlib-gedirlər və heç bir hüquqi, administrativ maneə ilə qarşılaşmırlar. Mənim onlara tövsiyyəm yaşadıqları ölkədə mühacir statusundan işçi statusuna keçmələridir.

İctimai fəal deyir ki, mühacirlərin çox az qismi axtarışdadır və barələrində cinayət işi olduğundan ölkəyə gələ bilmirlər. Bunla bağlı o tövsiyə edib ki, həmin mühacirlər ölkə prezidenti başda olmaqla, zamanda məhkəmə müstəvisində də lazımi hüquqi addımları ataraq haqlarında açılan cinayət işinin ləğvinə nail ola bilərlər.

Siyasi-ictimai hesab edir ki, artıq 10 il əvvəlki vəziyyət deyil, bunu aydın şəkildə hiss etmək mümkündür:

Son illər geniş vüsət almış siyasi, iqtisadi və digər sahələrdəki islahatlar prosesinə öz dəstəyimi daha öncə də bildirmişdim. Bunu həm də, öz ölkəsindən müxtəlif səbəblərə görə incik və küskün düşmüşlərlə dövlətimiz arasında milli barışıq prosesi də adlandırmaq mümkündür.

Elnur Məcidli kimdir: İctimai fəal Elnur Məcidli Azərbaycanda etiraz aksiyalarının təşkilatçısı olub. O, “Facebook”da “11 mart – Böyük Xalq Günü” və “2 Aprel-Böyük Qəzəb Günü” aksiyalarının təşkilatçısı olub və barəsində cinayət işi başlanıb. Beynəlxalq axtarışa verilən fəal Cinayət məcəlləsinin 281-ci dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə ittiham edilib. 2011-ci ildə barəsində başlanmış cinayət işinin icraatı dayandırılıb.

 

Oxşar yazılar