Saxlanılan azərbaycanlı jurnalist sərbəst buraxılıb – VİDEO

img
+    -

Xəstə qardaşını ziyarət etmək üçün Almaniyadan Azərbaycana gedən tanınmış jurnalist Yeganə Əmiraslan Bakı şəhər  Prokurorluğunda dindirildikdən sonra sərbəst buraxılıb. “Xeber.de”-nin məlumatına görə, bu barədə jurnalistin qızı Ayan Ağa məlumat verib. 
Almaniya vətəndaşı olan xanım jurnalist xəstə qardaşını ziyarət etmək üçün ötən gün Almaniyadan Azərbaycana gedib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılan jurnalistdən bir müddət xəbər alınmayıb. Onun hava limanında “yoxa çıxması” narahatlıq doğurub. 
Saatlar sonra məlum olub ki, Yeganə Əmiraslan hava limanında hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Bakı şəhər Prokurorluğuna aparılıb. Orada 3-4 saat dindirilən xanım jurnalist daha sonra sərbəst buraxılıb. 
Mövzu ilə bağlı “Xeber.de”-yə danışan hüquqşünas Əlövsət Əliyev deyib ki, həm Almaniya, həm də Azərbaycan vətəndaşlığını qəbul etmiş şəxslər ölkəyə Azərbaycan Respublikasının verdiyi pasportla daxil olanda, belə problemlərlə üzləşirlər: “Azərbaycana gedən zaman mütləq vətəndaşı olduqları ölkənin yol sənədindən istifadə etməlidirlər. Həmin yol sənədi də viza tələb edir”.
Məlumat üçün bildirək ki, Azərbaycanda müxtəlif media qurumlarında çalışan Y.Əmiraslan illər öncə Almaniyaya mühacirət edib. Almaniyada yaşadığı müddətdə Qarabağ və Azərbaycan Ordusuna dəstək yürüş-mitinqlərinin təşkilatçısı və fəal iştirakçısı olub. 

Oxşar yazılar