Seçkilərə etiraz aksiyasına qərar verildi

img
+    -

Mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olundu

Fevralın 11-də Müsavat, ReAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

Müraciətdə qeyd olunub ki, 9 fevral növbədənkənar parlament seçkilərində baş verən qanun pozuntuları və seçki saxtakarlıqlarına qarşı etiraz olaraq fevralın 16-da saat 17-də metronun “28 May” stansiyasının qarşısında aksiya keçirmək niyyətindədirlər.

Partiyalar Konstitusiyanın 49-cu maddəsindən istinad edərək xatırladıblar ki, hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarına qabaqcadan xəbərdar etməklə, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə, dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri, piketlər keçirmək hüquqları var.

Müraciət müəllifləri 10 min nəfərin mitinqə qoşulmasını gözləyirlər.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.

Aksiya qərarı verən Müsavat Partiyası seçkilərdə 59, ReAL 31, "Hərəkət" Seçki Bloku 16 namizədlə seçkilərdə iştirak edib.

ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Mənbə © Meydan TV

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar