Tofiq Yaqublunun vəkili məhkəmə hökmündən şikayət verəcək

img
+    -

Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökm sentyabrın 3-də çıxarılsa da, hələ onun özünə və müdafiəçilərinə təqdim olunmayıb. Bu barədə “Press Klub”a vəkil Aqil Layıc məlumat verib.

Qanuna görə, hökmdən 20 gün ərzində apellyasiya şikayəti verilə bilər. Amma müdafiə tərəfi T.Yaqublunun artıq beş gündür aclıq etməsini, səhhətində problemlər yaranmasını nəzərə alaraq, gözləmək niyyətində deyil.

“Hakim iki dəqiqə ərzində hökmün ancaq nəticə hissəsini elan etdi. Tofiq Yaqublu haqqında ittiham hökmü çıxarılmasının necə əsaslandırıldığı bilinmədi. İttihamın saxtalığı göz deşir, hansı əsaslandırmadan söhbət gedə bilər ki? Adətən müdafiə tərəfi hökmü alıb baxır ki, necə əsaslandırılıb, məhkəmə iclasının protokolları ilə tanış olur, sonra iradlarını apellyasiya şikayətində qeyd edir. Amma Tofiq Yaqublu ilə bağlı durum elədir ki, gözləmək vaxt itirməkdir. Çünki hər keçən gün vəziyyəti ağırlaşır. Ailəsinin istəyi belə oldu ki, hökmü almadan, protokollarla tanış olmadan, təcili şəkildə şikayət verilsin. Sənədlərlə tanış olandan sonra yaranacaq iradlarımızı əlavə şəklində göndərəcəyik”, – Aqil Layıc bildirib.

Vəkil apelyasiya şikayətini sentyabrın 7-də məhkəməyə təqdim edəcək. O, sabah Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasında T.Yaqublu ilə görüşəcəyini söylədi.

T.Yaqublunun qızı Nigar Həzi hesab edir ki, atasının həbsi siyasi sifariş olduğuna görə, onun azadlığa buraxılması üçün də siyasi qərar olmalıdır. Onun sözlərinə görə, T.Yaqublunun azadlığa buraxılmasına qərar verilərsə, bunu apellyasiya məhkəməsi vasitəsilə gerçəkləşdirmək olar. Yəni apellyasiya şikayətinə qısa müddətdə baxıb, T.Yaqublunu həbsdən buraxmaq mümkündür.

N.Həzi atası ilə sonuncu dəfə sentyabrın 5-də telefonla danışıb. O zaman aclıq aksiyasının dördüncü günü idi və aclığın təsiri artıq T.Yaqublunun durumunda özünü göstərməyə başlamışdı. T.Yaqublu qızı ilə söhbətində bildirib ki, tez-tez başgicəllənmələri olur, orqanizmi zəifləyib. Bu durumda olmasına baxmayaraq, saxlandığı 3 saylı istintaq təcridxanasında onu müayinə etməyiblər.

Həbsdə saxlanılan şəxslərin həftədə iki dəfə ailəsi ilə telefonla danışmaq hüququ var. T.Yaqublu həftənin çərşənbə və şənbə günləri ailəsi ilə əlaqə saxlaya bilir. N.Həzi Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət edərək, T.Yaqublunun aclıq elan etməsi ilə əlaqədar ailəsinin narahatlığının nəzərə alınmasını, ona hər gün telefonla danışmağa şərait yaradılmasını istəyib: “Bizim növbəti danışıq günümüz üçüncü gündür. Hər keçən saniyə onun həyatına təhlükədir. Ailəsi olaraq, biz onun səhhətinə və həyatına görə narahatıq. Danışmadığımız hər gün onun səhhətinin hansı durumda olduğundan xəbərsiz qalacağıq. Hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu zənn edəcəyik”.

N.Həzinin dediyinə görə, istintaq təcridxanasının rəis müavinləri T.Yaqubludan aclığı dayandırmasını xahiş ediblər: “Aclığı dayandırmaq çağırışına atanın cavabı belədir: öldü var, döndü yoxdur! Ölərəmsə, bu xalq, vətən üçün ölərəm. Geriyə yol yoxdur!”

Beynəlxalq reaksiya sərt və birmənalıdır 

T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmə beynəlxalq ictimaiyyətin reaksiyası da yetərincə sərt olub. ABŞ Azərbaycandakı səfirliyin bəyanatı ilə kifayətlənməyib, Dövlət Departamenti də məsələyə ayrıca münasibət bildirib. Birmənalı şəkildə vurğulanıb ki, T.Yaqublu fikirlərinə, tənqidlərinə görə cəzalandırılıb və azadlığa buraxılmalıdır. 

“Söz və birləşmə azadlıqlarının həyata keçirilməsi heç vaxt azadlıqdan məhrumetmə üçün əsas ola bilməz. Bunlar universal insan haqlarıdır. Azərbaycanda Tofiq Yaqublunun işi üzrə məhkəmə prosesindən narahatlıq duyuruq və onun sərbəst buraxılmasına çağırırıq”, – ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun “Twitter” səhifəsində yazılıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi T.Yaqublunun saxta ittihamla həbs olunduğunu vurğulayıb: 

“Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsi ABŞ səfirliyini məyus edib. Cənab Yaqublu həbs və məhkəmə zamanı ədalətli məhkəmə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum edilib. Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycan Konstitusiyası ilə təmin olunan söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”.

Böyük Britaniyanın Bakıdakı səfirliyi də T.Yaqublu haqqında hökmdən narahatlığını ifadə edib. Səfirliyin bu barədə yaydığı açıqlamada T.Yaqublunun 2013-cü ildə – İsmayıllı hadisələri zamanı da siyasi motivlərlə həbs olundu yada salınıb: 

“Böyük Britaniya o zaman da bu narahatlığını Azərbaycan hökumətinin nəzərinə çatdırmışdı. Cənab Yaqubluya verilən hökm daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz hesab edildi”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 məruzəçisi də eyni məzmunlu çağırışla çıxış edib. 

“Biz Yaqublunun vəkillərinin məhkəmənin ədalətsiz keçməsi ilə bağlı ittihamlarından, prosesin ictimaiyyətə qapalı keçirilməsindən, müdafiə tərəfinin demək olar, bütün vəsatətlərinin rədd olunmasından dərin narahatlıq keçiririk. Biz xüsusilə hökmün ağırlığından və Yaqublunun aclıq aksiyasına başlamaq qərarından narahatıq”, – Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Ser Rocer Geyl və Stefan Şennakın, həmçinin AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottirin birgə bəyanatında bildirilir.

Stefan Şennak Azərbaycanda insan haqlarının təhlükə altında olduğunu deyib. T.Yaqublunu şəxsən tanıdığını vurğulayan Şennak ona qarşı irəli sürülən xuliqanlıq ittihamına da inanmadığını vurğulayıb: “Əgər hakimiyyətin razılaşmadığı fikirlərə maliksənsə və buna görə səni “xuliqan” adlandırırlarsa, bu, demokratiya üçün yaxşı hal deyil…”

“Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq insan haqları təşkilatları da hökmün siyasi motivli olduğunu bəyan ediblər.

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

Oxşar yazılar