Xaricdə yaşayan jurnalistlərin şəhid həmkarları ilə bağlı MÜRACİƏTİ 

img
+    -

“Media nümayəndələri  müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir. Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov  iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar. Çəkiliş qrupunun olduğu nəqliyyat vasitəsinin hərəkət etdiyi yolda  tank əleyhinə minaya düşməsi nəticəsində ümumilikdə üç nəfər həlak olub, dörd nəfər isə ağır bədən xəsarətləri alıb”. Xeber.de-nin məlumatına görə, bu barədə xaricdə yaşayan jurnalistlərin şəhid həmkarları ilə bağlı beynəlxalq təşkilatlara ünvanladıqları ingilis dilində olan müraciətdə qeyd olunub. 

Müraciətdə deyilir ki, müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılarının basdırdığı minalara düşüb və onlardan 27-si həlak olub: “Baş verən faciə göstərir ki, Ermənistan hələ də regionda məkrli siyasətini davam etdirir, işğaldan azad olunmuş Azərbaycan ərazilərində müxtəlif yollarla minalanma prosesini həyata keçirir. Beləliklə, regionda mülki şəxslərin, xidməti vəzifələrini yerinə yetirən media mənsublarının  həyatı üçün ciddi təhdidlər mövcuddur və belə bir vəziyyət biz jurnalistləri dərindən narahat edir. Təəssüflə qeyd edirik ki, bir çox hallarda jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları, jurnalist birlikləri baş verən cinayət faktları ilə bağlı heç bir reaksiya vermir, susmaqda davam edirlər. Beynəlxalq insan hüquqları təşkilatlarının, jurnalist birliklərinin mülki şəxslərin, o cümlədən  media təmsilçilərinin fəaliyyətinə əngəl törədən, həyatlarına son qoyan belə hüquq və qanun pozuntularına etinasız qalması bütün dünyada bu cür cinayət hallarının artmasına rəvac verə bilər. Biz xaricdə yaşayan azərbaycanlı jurnalistlər olaraq,  BMT, Avropa Şurası da daxil olmaqla beynəlxalq təşkilatlara, o cümlədən, Amnesty International və Human Rights Watch insan haqları qruplarına müraciət edərək bildiririk ki,  Ermənistan silahlı qüvvələri  işğal etdiyi və 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə və hazırda da gizli yollarla ölkə ərazisinə daxil olaraq minalanma prosesi aparmaqla humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.
Ermənistanın bu cinayətkar əməlləri nəticəsində mülki şəxslərin, media təmsilçilərinin  həyatına son qoyulduğunu bir daha diqqətə çatdırır, işğalçı dövlətdən 30 il əsarət  altında saxladığı Azərbaycan ərazilərində basdırdıqları minaların xəritələrinin açıqlanmasını və beynəlxalq qanunlarla müəyyən olunan sərhədlərimiz daxilində bu gün də həyata keçirdiyi minalanma prosesini dayandırmasını, beynəlxalq ictimaiyyətin,  jurnalist təşkilatlarının  baş verənlərə duyarlı olmasını tələb edirik”. 

Müraciətə xarici ölkələrdə müxtəlif media orqanlarında çalışan 30 azərbaycanlı jurnalist qoşulub. 

Bizim Telegram kanalımıza Abunə olun!

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsiz ? Bizə  QOŞULUN! 

Almaniyada yaşam, təhsil və iş proqramları ilə bağlı maraqlı VİDEO-lar BURDA!

Şahidi olduğunuz maraqlı hadisələri bizimlə BÖLÜŞÜN!

TikTok-da bizi İZLƏ!

Oxşar yazılar