Xaricdəki aztəminatlı azərbaycanlılara sosial yardım verilməlidirmi? - MÜBAHİSƏ BÖYÜYÜR

img
+    -

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın verilməsi ilə bağlı çıxışı birmənalı qarşılanmayıb. Xeber.de-nin məlumatına görə, çoxları bu məsələdə şəffaflığın olmayacağını, bəziləri isə, xaricdə yaşayan Azərbaycan vətəndaşlarının sosial durumlarının yaxşı olduğunu, onların bu tip yardımlara ehtiyaclarının olmadığı qənaətindədirlər. 

Mövzu ilə bağlı Xeber.de-yə danışan Hollandiyada yaşayan jurnalist Fikrət Hüseynli bildirib ki, əvvəla xaricdə yaşayan aztəminatlı azərbaycanlı ailələr deyəndə hansı qrupun nəzərdə tutulması konkretləşməlidir: “Başqa ölkə vətəndaşı olan aztəminatlı azərbaycanlı ailələri maliyyələşdirmək hüquqi olaraq başqa dövlətin işinə qarışmaq, hətta təxribat sayıla bilər. Azərbaycan hakimiyyətinin hazırda diaspora işi adı altında başqa ölkələrin azərbaycanlı vətəndaşlarına pul verməsi də qanun pozuntusudur, faktiki propoqanda aparmaqdır. Hələ ki, Avropa dövlətləri buna ciddi yanaşmır. Ciddi yanaşılsa, AKM (Müsavat - Avropa Koordinasiya Mərkəzi) ətrafında baş verənlər nağıl olacaq. Çünki bu faktiki olaraq həm də çirkli pul yuyulmasıdır. Çox dərinə getmək istəmirəm. Sadəcə, onu deyim ki, 2016-cı ildə Azərbaycan Prezidenti İlham Əliyev Avropaya səfər etməmişdən öncə onun qarşılanmasını təşkil etmək üçün Avropaya cibində 500-lük avrolarla gələn Diaspora Komitəsi səlahiyyətlisini Niderland polisi həbs etmişdi. Sonra dövlətlərarası diplomatik əlaqələr işə düşdü və həmin şəxs azad edildi. Yəni, Avropa belə məsələlərə isti yanaşmır. O ki qaldı yardım məsələsinə, məlumdur ki, azərbaycanlılar vətənlərindən məhz maddi və sosial problemlər səbəbindən didərgin düşürlər. Əgər, iqtidar azərbaycanlılara yardım etmək istəyirsə, ölkədə insanlara şərait yaratsınlar. Qanunsuzluğu heç olmasa, 50 % azaltsınlar. Eyni zamanda xaricdəki azərbaycanlıların işinə qarışmasınlar, onlara problem yaratmasınlar, ölkəyə gedib-gələrkən sərhəddə rüşvət almasınlar. Azərbaycanlılar qoçaq xalqdı, yetər ki, ona mane olub, yolunu kəsməsinlər”.

Belçika və Niderland Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyev isə, fərqli düşünür. O, mövzu ilə bağlı Xeber.de-yə açıqlamasında bildirib ki, Azərbaycanda və ya xaricdə olmasından aslı olmayaraq aztəminatlı ailələrə maddi yardımın edilməsi normaldır: “Avropada gəliri az olan və ya işsiz olan həmvətənlərimiz heç də az deyil. Onlar yaşadıqları ölkələrdə sosial yardımlar alırlar. Ancaq bu Avropa qiymətləri ilə yaşamaq üçün heç də yetərli deyil. Bu səbəbdən belə azərbaycanlı ailələr varsa, Azərbaycandan onlara yardım göstərilməsinə müsbət baxıram”.

Demokratik Təsisatlar və İnsan Haqqları İctimai Birliyinin sədri, Almaniyada yaşayan Elçin Abdullayev təşəbbüsün gözəl olduğunu deyib. O, Xeber.de-yə açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyi başqa ölkələrinki ilə müqayisədə həmişə fərqli, həmişə üstünlük təşkil edib: “Əsas məsələ bu təşəbbüsün reallaşması məsələsidir. Çünki belə şeylər Azərbaycanda həmişə kağız üzərində olub, reallaşmayıb. Çox güman ki, bu da onlardan biri olacaq. Azərbaycanda insanlar çox ağır vəziyyətdə yaşayırlar. Bu səbəbdən onlar Amerikaya, Avropaya getmək məcburiyyətində qalırlar. Ondansa Azərbaycandakı iqtisadi vəziyyət düzəldilsin, rüşvətxorluq və korrupsiya birdəfəlik yığışdırılsın, insanlar da ölkələrini tərk etmək məcburiyyətində qalmasınlar. Azərbaycanda avtoritar bir hakimiyyət mövcuddur. Rejim avtoritardırsa, siyasi prosesdə olan və ya olmayan bütün insanlar onun qurbanına çevrilir. Doğrusu bu təşəbbüsün, bu proqramın real olacağını düşünmürəm. Ola bilər bir-iki nəfəri dövlət televiziyya kanallarına çıxarıb bu proqramın faydalı olması ilə bağlı danışdırsınlar. Ümumiyyətlə xaricdəki aztəminatlı ailələri onlar necə müəyyən edəcəklər? Onlara konkret hansı məbləğlərdə maddi yardımlar ediləcək? Həmin azərbaycanlıların yaşadıqları ölkələrinin rəsmi orqanlarının buna münasibəti necə olacaq? Bu prosesə ictimai nəzarət olacaqmı? Bütün bunlar mənə maraqlıdır”.

E.Abdullayev qeyd edib ki, indiki vəziyyətdə insanlara sosial yardımlar verməkdənsə, bərbad iqtisadi vəziyyəti düzəldib, iş yerləri açıb, insanları işlə təmin etmək daha faydalı olar. 

Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Şahin Camalov Xeber.de-yə açıqlamasında bildirib ki, qaydalar xaricdə yaşayan azərbaycanlılar yox, xaricdəki aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlıdır: “Cənab sədrin xaricdə yaşayan aztəminatlı azərbayanlılara sosial yardımın verilməsi ilə bağlı ifadəsinin haradan yarandığı ilə bağlı qısa arayış verim. Deməli, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 426-VQD nömrəli Qanununun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Prezidentin 2017-ci ildə imzaladığı bir fərman var. Həmin fərmanın icra edilməsi məqsədi ilə nazirlər Kabinetinin 13 yanvar 2017-ci il tarixli “6S” nörməli sərəncamı var. Həmin sərncamda qanunun icrası ilə bağlı mərkəzi icra hakimiyyətləri qarşısında öhdəliklər qoyulub. O öhdəliklərdən biri də Diasporla İş üzrə Dövlət Komitəsinə aiddir. Öhdəlikdə göstərilib ki, sosial yardımın göstərilməsi ilə bağlı təkliflər hazırlanb iki ay müddətində Nazirlər Kabinetinə təqdim edilsin”.

Ş.Camalov bildirib ki, qayda komitə tərəfindən artıq hazırlanıb. Müvafiq icra orqanları ilə razılaşmalar aparılıb, yaxın günlərdə bununla bağlı Nazirlər Kabinetinə qərar layihəsi təqdim olunacaq.

Avropa azərbaycanlılarının nələri müzakirə etdiyini bilmək istəyirsən? Bizə  QOŞUL!