42 min imzanın uğur hekayəsi

img

42 min imzanın uğur hekayəsi

2009-cu il referendumunda vətəndaşlara 40 min imza toplamaqla qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ verilmişdi. Amma həm hökumətin, həm də müxalifət partiyalarının bu hüquq yadından çıxmışdı. Ana Yasada olan hüququn implementasiya mexanizmi yox idi. Ölkədə ilk dəfə məhz REAL keçən il bu hüquqdan istefadə edərək 42 min imza topladı və Milli Məclisə təqdim etdi. 3 qanun layihəsindən ibarət təklifi Parlament qəbul etmədi və bu hüququn realizə mexanizminin olmadığını əsas gətirdi. REAL həmin məsələni Konstitusiya Məhkəməsinə daşıdı, Məhkəmə də 2009-cu ildə qəbul olunmuş hüququn işləmə mexanizmi olmadığına görə iddiamızı qəbul etmədi. 
Amma 42 min imza ölkədə uğur hekayəsi yaratdı: Təklif etdiyimiz 3 məsələnin 2-si yarımçıq da olsa həyata keçdi və ən əsası, Parlament məcbur oldu ki, 40 min imza toplanması qaydaları ilə bağlı ayrıca qanun layihəsi qəbul etsin.
Prezident dünən (4 dekabr)  həmin qanunu imzaladı – 2009-cu ildən Konstitusiyamızda olan, amma vətəndaşların istefadə edə bilmədiyi hüquq təsis olundu! 
REAL növbəti dəfə kiçik uğur hekayəsi yazdı.  Bu işdə bizə dəstək olan, 42 min imzanın yığılmasında işrirak edən, müraciəti imzalayan hər kəsə təşəkkür edirəm! Sistem üzərində kiçik, amma tarixə düşəcək qələbə qazandıq, deməli elliklə, birlikdə başqa qələbələrə də imza atmağa qadirik! Eşq!