9 fevralın daha bir önəmi

img

9 fevralın daha bir önəmi

Tutalım, hakimiyyət səmimidir, doğrudan da rüşvətxorluğa son qoymaq, korrupsiyanı ləğv etmək istəyir - bir anlıq bunu təsəvvür edək. O da məlumdur ki, iqtidar ideoloji deyil, aşağıdan ta yuxarıya loyallıq maddi maraqlar üzərinə inşa edilib, hətta ölkədə "sosial lifti" belə (böyük ölçüdə) korrupsiya əvəz edib. Daha ötəsi, rüşvət və korrupsiya iqtisadiyyatın çarxlarının dönməsində də mühüm amilə çevrilib - yəni, rüşvət və korrupsiya qeydiyyatsız iş yerləri yaradır (dayə, sürücü, bağban, qulluqçu, repititor, mühafizəçi, bərbər, usta, kafe-restoran-mağazalarda xərclənən vəsait, və s.), həmin pullar ticarət dövriyyəsinin artmasına, tikinti-təmir işlərinə, daşınmaz əmlak və avtomobil bazarına təsir edir.

Xub, sabahdan rüşvət və korrupsiya yox oldu, bəs hakimiyyət loyallığı necə təmin edəcək? "Qara pulların" iqtisadiyyatda yaratdığı canlanmanı nə əvəz edəcək? Gizli iş yerlərində çalışan onminlərlə vətəndaş harada iş tapacaq?

Cavab: 1) Rüşvətiz və korrupsiyasız hökumət idioloji olmalıdır - deməli yeni hakim partiya yaratmalı, yeni inandırıcı hekayə qurmalıdırlar - bunun üçün söz, ifadə, sərbəst toplaşmaü azadlığı vacibdir, 2) İqtisadi azadlıqlar və rəqabətli mühit təmin edilməlidir ki, korrupsiya və rüşvətin yaratdığı iş yerlər bağlananda yeni iş yerlərinin açılma şansı yaransın, iqtisadiyyat "ağarsın", iqtisadi aktivlik yeni qazanc sahibləri hesabına artsın - bunların olması üçün isə ədalətli məhkəmə labüddür - ədalətli məhkəmə azad seçkidən doğar - azad seçki üçün siyasi iradə lazımdır.
Bax beləcə məmləkət "çıkmaz sokaka" girib, dalana dirənib, bu vəziyyətdən çıxmaq üçün hökumət üçün də, xalq üçün də 9 fevral milad ola bilər...