Ayətullah Sistaninin çağırışı

img

Ayətullah Sistaninin çağırışı

İraqda ayətullah Sistaninin çağırışından sonra baş nazir istefaya getdi.

Ölkədə oktyabrın 1-də başlayan kütləvi etiraz aksiyalarında 400-dən çox adam öldürülsə də, insanlar meydanlardan çəkilmirdi, istefası tələb olunan hökumət başçısı Adil Əbdül Mehdi də geri addım atmırdı. Şiələrin mərcəi-təqlidi, 89 yaşlı böyük ayətullah Seyid Əli Hüseyni Sistani bu gün İraq parlamentində təmsil olunan siyasi partiyalara müraciət edərək onları hökumətə verdikləri dəstəyi dayandırmağa çağırıb. Partiyalardan müsbət cavab gəldikdən sonra baş nazir istefa verməyə məcbur olub.

Ayətullah Sistani nadir hallarda siyasətə bu cür net müdaxilə edir. Nümayişçilər isə ondan konkret mövqe tələb edir və gözləyirdilər. Sistani 22 noyabrda Kərbəlada - Cümə xütbəsində oxunan müraciətində hökuməti seçki islahatları keçirməyə çağırmış və böhrandan yeganə çıxış yolunun bu olduğunu söyləmişdi. Noyabrın 1-də oxunan mesajında isə o, İranın ali dini lideri Əli Xameneinin İraqdakı etirazların arxasında xarici qüvvələrin dayandığı barədə iddiasını təkzib edərək etirazların xalqın iradəsi ilə gerçəkləşdiyini vurğulamışdı.

Beləliklə, İranın təsir gücünün böyük olduğu iki Orta Şərq ölkəsində (Livan və İraq) kütləvi xalq etirazları nəticəsində ard-arda hökumətlər istefaya getdi. Təbii ki, bu, İranın təsirinin tezliklə zəifləməsi anlamına gəlmir. Amma İraq şiələri İranın son illər ölkənin idarəçiliyində söz sahibi olmağa başlamasından getdikcə daha çox qıcıq duyur. Livanda isə məzhəb təməlində hakimiyyət bölgüsünə əsaslanan çox mürəkkəb sosial-siyasi konfiqurasiya var və bunun nə qədər dayanıqlı olduğu sual altındadır.