Əli Həsənovlu media siyasətinin sonu

img

Əli Həsənovlu media siyasətinin sonu

Əli Həsənovun kənarlaşdırılması indiyə qədər aparılan media siyasətinin rəsmən sonu deməkdir.

Sosial medianın ortaya çıxması və çox sürətlə insanların həyatına daxil olub, gündəmi diktə etməyə başlaması ənənəvi media üzərində total nəzarəti mənasızlaşdırdı. Bu siyasəti aparanlar və ondan bəhrələnənlər bir anda boşluğa düşdülər. İndi bir az gecikmiş də olsa, iqtidardaxili siyasi transformasiya ilə paralel, yeni reallıqlara uyğunlaşmağa cəhd edilir və İTV efirində plüralizm elementlərinin hiss edilməyə başlanması bunun əlamətidir.

Siyasi transformasiyaya gəldikdə isə, bilirsiniz ki, bu prosesin hüquqi təməli 2016-cı ilin sentyabrında keçirilmiş Konstitusiya referendumu ilə yaradılıb. Həmin referendumla prezidentə 2 mühüm hüquq verilib: birincisi, Milli Məclisin buraxılması, digəri növbədənkənar prezident seçkilərinin elan edilməsi. Məlum olduğu kimi, prezident artıq parlamenti buraxmaq hüququndan istifadə etməyə qərar verib. Gələn il isə, parlament seçkilərindən sonra, böyük ehtimalla növbədənkənar prezident seçkiləri elan edilə bilər. Bu halda hazırkı dövlət başçısı yeni prezidentin andiçməsinə qədər vəzifəsində qalacaq. Başqa bir variant isə budur ki, mövcud prezident vəzifəsindən istefa verərsə, səlahiyyətləri I vitse-prezidentə keçəcək. Bu halda 2 ay müddətində yeni prezident seçkiləri keçirilməlidir. (Əvvəl 3 ay idi.)

Bütün bu addımların hakimiyyətin tranziti prosesi çərçivəsində gerçəkləşdiyinə yəqin ki, heç kimdə şübhə qalmayıb. Anar Ələkbərovun prezidentin köməkçisi təyin edilməsini də bunun təsdiqi kimi qiymətləndirmək olar.