Fuad Muradovun könül işi

img

Fuad Muradovun könül işi

Almaniya və digər xarici ölkələrdə yaşayan ermənilər hər ay öz aralarında pul yığaraq, diaspora təşkilatlarını gücləndirir, eyni zamanda Qarabağda seperatçı rejimə dəstək verirlər. Məsələn, ötən aylarda iki alman jurnalistin Xankəndindən hazırladığı reportajda erməni deyirdi ki, diaspora bu gün pulu kəssə, bizim burda nə işimiz var?

Bayaq təsadüfən bizim diaspora komitəsinin sədri Fuad Muradovun “Real TV”-yə müsahibəsindən bir hissəyə baxdım. Cənab Muradov deyir ki, diaspora  işi könül, könüllülük işidir.

Komitə Azərbaycan Disporuna Dəstək Fondu da yaradıb. Fondun məqsədi layihələri maliyyələşdirmək, qrant verməkdir. 

Dövlət vəsaiti hesabına formalaşan fond isə, şəffaf fəaliyyət göstərmir. Konkret olaraq, maliyyələşdirdikləri layihələr, qrant verdikləri diaspor təşkilatları haqqında rəsmi internet saytlarında heç bir məlumat yoxdur. 

Qarşıdan Xocalı faciəsinin ildönümü gəlir və mənə çox maraqlıdır komitə qeyri-rəsmi 200 min azərbaycanlının yaşadığı və 40 disapor təşkilatını özündə birləşdirən Koordinasiya Şurası ilə Almaniyada hansı işləri görəcək?

Keçən il Kölndəki biabırçılıq təkrarlanacaqsa, heç nə... 

Yadınıza salım ki, keçən il Almaniyanın Köln şəhərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin ictimailəşdirilməsinə hesablanan aksiyada cəmi 21 nəfər iştirak etmişdi. Aksiya Almaniya Azərbaycanlıları Koordinasiya Şurasına daxil olan Köln Türk Azərbaycan Kültür  və Dayanışma Cəmiyyəti, Kölndə fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti, Alman Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilmişdi. 

Bəli, 3 diaspor təşkilatı və dövlət komitəsi Köln kimi həmvətənlərimizin kompakt şəkildə məsunlaşdığı bir şəhərdə keçirilən aksiyaya cəmi 21 nəfər çıxara bilmişdi.

Fikrimcə, komitə həqiqətən Azərbaycan adına işlər görmək istəyirsə, kənarda durmalı, yeni formalaşan diaspor təşkilatlarına, xaricdə yaşayan, Azərbaycan diasporunu təmsil edən, siyasi yönümü və statusu fərqli olan həmvətənlərimizin ümumi işdə bir araya gəlməsinə müdaxilə etməməlidir.